Hizbullah Hayfada raketdən müdafiə mövqeyini vurdu

Raket və PUA zərbəsi

Hizbullah gecə saatlarında Hayfa şəhərinin cənubunda yerləşən “Mişmar ha-Karmel” raketdən müdafiə mövqeyini hədəfə aldığını açıqlayıb.

Qurumun bəyanatına görə, əməliyyat çərçivəsində “keyfiyyətli raketlər”dən ibarət salvo və pilotsuz uçuş aparatları istifadə olunub. Hədəfin İsrail ordusuna məxsus hava hücumundan müdafiə sistemi olduğu bildirilib.

Hizbullah bəyan edib ki, əməliyyat Ayətullah Seyid Əli Xameneinin şəhadəti ilə bağlı “qisas” və Livanın müdafiəsi məqsədi daşıyır.

Təşkilat vurğulayıb ki, İsrailin davam edən hücumları və Livan ərazisinə qarşı əməliyyatları cavabsız qalmayacaq. Bildirilib ki, cavab “müvafiq zaman və məkanda” veriləcək.

 

“Qanuni müdafiə hüququ”

Hizbullah açıqlamasında sionist rejimin son 15 ayda davam edən hücumlarının regionda gərginliyi artırdığını qeyd edib və bu addımı “qanuni müdafiə” kimi qiymətləndirib.

Qurum həmçinin Livana qarşı “ABŞ-İsrail təcavüzünün” dayandırılması üçün beynəlxalq səviyyədə addımlar atılmalı olduğunu bəyan edib.

Hadisə İsrail-Livan sərhədində vəziyyətin yenidən kəskinləşdiyini göstərir. Analitiklər hesab edirlər ki, qarşılıqlı zərbələr genişmiqyaslı qarşıdurma riskini artırır.

Hazırda İsrail tərəfindən hücumla bağlı rəsmi itki və ya zərər barədə detallı məlumat açıqlanmayıb. Regionda təhlükəsizlik vəziyyəti yüksək səviyyədə qalır.