İranın nüfuzlu şiə alimi Ayətullah Əlirza Ərafi ölkənin Ali Liderinin səlahiyyətlərini müvəqqəti icra edəcək rəhbər şuranın üzvü təyin edilib. İranın dövlət xəbər agentliyi “ISNA” bu məlumatı yayıb.
67 yaşlı Əlirza Ərafi hazırda İranın dini təhsil müəssisələri sisteminə rəhbərlik edir. Onun atası Məhəmməd İbrahim Ərafi 1902–1989-cu illərdə yaşamış və İran İslam Respublikasının banisi Ruhulla Xomeyninin yaxın dostlarından biri olub. Ərafi özü isə qətlə yetirilmiş Ayətullah Əli Xameneinin etibarlı şəxslərindən hesab edilir.
Əlirza Ərafi eyni zamanda İranın Konstitusiyanın Keşikçiləri Şurasının və Ali Lideri seçən Ekspertlər Şurasının üzvüdür. Bu fakt onun ölkənin ali dini-siyasi strukturlarında mühüm mövqeyə malik olduğunu göstərir.
Bazar gününə keçən gecə İranın dövlət mediasında Ayətullah Əli Xameneinin rəsmi nekroloqları yayımlanıb. Ölkədə 40 günlük matəm elan edilib.
İran prezidenti Məsud Pezeşkian Xameneinin qətlini şərh edərkən bunu “İran İslam Respublikasının ali siyasi liderinin və dünyadakı şiəliyin görkəmli liderinin öldürülməsi” kimi qiymətləndirib. O bildirib ki, bu hadisə “bütün dünyada müsəlmanlara, xüsusilə də şiələrə açıq müharibə elan edilməsi” kimi qəbul olunur.
Prezident həmçinin vurğulayıb ki, Ayətullah Əli Xameneinin qətlinə görə məsul olan icraçılardan və təşkilatçılardan qisas almaq İranın “qanuni borcu və haqqıdır”.
Ayətullah Əlirza Ərafi İranın Ali Liderinin səlahiyyətlərini müvəqqəti icra edəcək