Azərbaycan Ukraynaya dəstək səsverməsində iştirak etməyib

Fevralın 24-də - Rusiyanın Ukraynada işğalçı müharibəyə başlamasının 4-cü ildönümündə Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında Ukraynaya dəstəklə bağlı qətnamə qəbul olunub.
"Ukraynada davamlı sülhə dəstək" adlı qətnamədə Ukraynanın beynəlxalq səviyyədə qəbul olunan sərhədləri çərçivəsində ərazi bütövlüyü tanınıb.
Sənəddə Ukrayna və Rusiya arasında dərhal atəşkəsə, bütün hərbi əsirlərin mübadiləsinə, Rusiyanın saxladığı Ukrayna vətəndaşlarının azad olunmasına çağırışlar yer alıb.
107 ölkə qətnamənin lehinə səs verib. Müharibədən bəri Ukrayna ilə münasibətləri pisləşmiş Gürcüstan da bu ölkələr sırasındadır.
Rusiya və Belarus da daxil olmaqla 12 ölkə qətnamənin əleyhinə səs verib. ABŞ, Çin və Ermənistan kimi ölkələr də daxil olmaqla 51 ölkə bitərəf qalıb.
Azərbaycan isə səsvermədə iştirak etməyib.
Ukrayna prezidenti Volodimir Zelenski "X" səhifəsində qətnaməyə səs verən 107 ölkənin hər birinə minnətdarlığını bildirib.
Azərbaycan Ukraynanın ərazi bütövlüyünü tanıdığını bildirir və müharibədən əziyyət çəkən bu ölkəyə davamlı olaraq humanitar yardım göndərir. Prezident İlham Əliyev ötən il ukraynalı jurnalist Dmitri Qordonun sualına cavab olaraq ukraynalılara "işğalla barışmamağı" tövsiyə etmişdi.
Lakin Azərbaycan bir qayda olaraq BMT-nin oxşar qətnamələrinin səsvermələrində də iştirakdan imtina edir.