90 milyard ABŞ dolları həcmində Rusiya neftinin satışınıda azərbaycanlı iş adamının da adı hallanır

Bir İT texnologiyasının səhvi nəticəsində Rusiya neftinin qanunsuz satışını həyata keçirən şirkətlər şəbəkəsi ifşa olunub.
Financial Times qəzetinin araşdırmasına görə, aralarında azərbaycanlı iş adamlarının da yer aldığı şəbəkə 90 milyard dollar dəyərindən daha çox rus neftinin qanunsuz satışını həyata keçirib. Financial Times açıq qeydiyyat məlumatları vasitəsilə 442 veb domen müəyyən edib. Bu domenlərin hamısının “mx.phoenixtrading.ltd” adlı özəl serverdən istifadə etdiyini müəyyən edib.
Domen siyahısında yer alan səkkiz qurum Avropa İttifaqı, ABŞ və ya Böyük Britaniya tərəfindən sanksiyalara məruz qalıb. 90 milyard ABŞ dolları həcmində Rusiya neftinin satışını həyata keçirən şəbəkə azərbaycanlı iş adamı Tahir Qarayev tərəfindən yaradılmış Coral Energy ilə əlaqəli treyderləri də əhatə edir. Böyük Britaniya sanksiyalar siyahısında yer alan Tahir Qarayev neft satışı şəbəkəsində mühüm yer tutur. Şəbəkənin e-poçt xidmətindən istifadə etdiyi domenlərdən biri “TahirQarayev.com”dur. Domenlər arasında yer alan “bellatrix-energy.com” və “nord-axis.com” saytları Aİ sanksiya siyahılarında Coral Enerji ətrafındakı şəbəkənin bir hissəsi kimi göstərilən Bellatrix Energy və Nord Axis şirkətlərinə uyğundur. Bu şəbəkədə əsas fiqurlardan biri, Rosneft-in baş icraçı direktoru Igor Sechin ilə yaxın əlaqələri olan azərbaycanlı iş adamı Etibar Eyyubdur. Şəbəkənin istifadə etdiyi e-poçt ünvanlarından biri “EEOffice.com”dur ki, bu da əvvəllər Etibar Eyyub tərəfindən istifadə olunub.
Etibar Eyyub ötən il Böyük Britaniya tərəfindən Coral Enerji və Nord Axis şirkətlərinə sahiblik etdiyi və direktor vəzifəsi daşıdığı üçün sanksiya siyahısına salınıb. Aİ Etibar Eyyubun xüsusilə Rosneft şirkətinə məxsus neftin faktiki mənşəyini gizlədərək daşınmasına və ixracına şərait yaratdığı üçün sanksiyalar siyahısına daxil edib.
Financial Times-ə danışan treyderlərin sözlərinə görə, Qarayev Coral Enerji şirkətinin təsisçisi olsa da, faktiki rəhbərlik Etibar Eyyubun əlində olub: “Ticarət baxımından real güc həmişə Etibarın əlində olub”. Mənbə həmçinin Etibar Eyyubun “özündən çox razı göründüyünü” və “hər kəsin onun şəxsi təyyarə ilə uçduğunu bilməsinə xüsusi diqqət yetirdiyini” əlavə edib.
Eyyub və Qarayev “Coral Enerji”ni daha sonra “2Rivers DMCC” şirkətini təsis ediblər. Hər iki şirkət sanksiyalara məruz qaldıqdan sonra iş adamları şirkətlərdən ayrılıb. Rusiya neft bazarı ilə tanış iki treyder Financial Times-ə bildirib ki, Rusiya neftinin iri ixracatçılarından hesab olunan “Redwood” şirkəti Etibar Eyyuba məxsus ticarət aləti olduğu güman edilir. Hazırkı və keçmiş Rusiya enerji rəhbərləri Financial Times-ə deyiblər ki, sanksiya siyahısına salınan iş adamları tanınmayan və az tanınan şirkətlərdən vasitəçi kimi istifadə edirlər.
Tahir Qarayev Financial Times-ə açıqlamasında, Rusiya neftinin daşınması, ticarəti və ya ixracı ilə bağlı hər hansı şəbəkədə ‘əsas fiqur’ olduğunu qəti şəkildə rədd edib.
Etibar Eyyub Financial Times-in sorğularını cavablandırmayıb. O ötən ilin dekabr ayında Aİ tərəfindən sanksiya siyahısına salınarkən bu addımı “əsassız” adlandırıb və heç vaxt qanunsuz və ya yanlış bir iş görmədiyini bildirib.