İraqda Ramazan ayında Quran 253 dəfə xətm ediləcək

Mübarək Ramazan ayı ərzində İraqın 17 vilayətində Qurani-Kərim xətmi üzrə 253 məclis keçiriləcək.

İmam Hüseyn (ə) Hərəminin təşkilatçılığı ilə həyata keçirilən bu təşəbbüs “Ramazan Quranı” adlandırılıb.

Quranın əvvəldən sonadək tilavəti üzrə keçiriləcək 253 tədbirin 133-ü kişilər üçün, 95-i qadınlar üçün, həmçinin 25 də ölkə universitetləri olacaq.

Qeyd edilib ki, Quran xətmi məclisləri hər gün 5 dəfə keçiriləcək və hər məclisdə Qurani-Kərim tam xətm olunacaq.

Tədbirdə iraqlı, həmçinin iranlı, misirli, livanlı və bəhreynli 60-dan çox qari iştirak edəcək.

Tədbirin keçirildiyi şəhərlər arasında İmam Hüseyn (ə) və Həzrəti Abbas (ə) ziyarətgahının – Beynül-Hərəmeynin yerləşdiyi Kərbəla şəhəri də var.

Məqsəd isə Quran mədəniyyətinin əhali arasında, o cümlədən də universitet heyətləri və tələbələri arasında təbliği və təşviqidir.

Layihə çərçivəsində müxtəlif İslami proqramlar, seminarlar və müzakirələr də keçiriləcək.