2025-ci ildə Azərbaycanın turizm gəlirləri azalıb: 6 illik bağlı sərhədlər sektoru zəiflədib

Hər hansı bir ciddi arqument olmadan uzun bir dövr ərzində ölkəyə giriş-çıxışın ciddi şəkildə məhdudlaşdırılmasının əvəzini turizm sektoru ödəyir. Artıq altı ildir quru sərhədləri bağlı saxlanması göstərir ki, hökumətin turizmi iqtisadiyyatın prioritet sektorlarından biri elan etməsi kağız üzərində bəyanatlardan başqa bir şey deyil.

Rəsmi statistikanın 2025-ci ilin yekunları üzrə açıqladığı məlumata görə, Azərbaycana turizm məqsədilə gələn əcnəbilərin sayı 2024-cü illə müqayisədə üç faizə yaxın və ya 51 min nəfər azalaraq 1,804 milyon nəfərə enib. Öz növbəsində, bu pandeniyadan öncəki dövrlə (2019-cu il) müqayisədə təxminən 1,1 milyon nəfər yaxud 59 faiz aşağı göstəricidir. Həmin dövrdə ölkəyə turizm məqsədlilə gələn əcnəbilərin ümumi sayı 2,9 milyon nəfərə yaxın olmuşdu.

2025-ci ildə turist axınının ən çox azaldığı ölkələr Rusiya və Hindistan olub. Rusiyadan gələnlərin sayı 113 min nəfər (19 faiz) azalma ilə 589 min nəfərə, Hindistan turistlərinin sayı isə 79 min nəfər (33 faiz) azalıb. Bunun əvəzində bəzi ölkələr üzrə gələnlərin sayında artımlar qeyd alınıb. 

Turist sayı İsrail üzrə 31 min nəfər (2,2 dəfə) artmaqla 57 min nəfərə,  Türkiyə üzrə 54 min nəfər (33 faiz) artmaqla 217 min nəfərə, Çix üzrə 18 min nəfər (45 faiz) artımla 58 min nəfərə, Özbəkistan üzrə 11 min nəfər (33 faiz) artmaqla 36 min nəfərə çatıb.

Əvvəlki illə müqayisədə 2025-ci ildə xaric turizmdən gələn gəlilər də azalıb. Belə ki, ötən il xarici turistlərin ölkədə xərclədiyi vəsaitlərin ümumi məbləği 3,258 milyard manat olub. Bu, 2024-cü ilə nisbətən 145 milyon manat yaxud 4,3 faiz azdır. Pandemiya öncəsi dövrlə müqayisədə faktiki olaraq ölkənin turizm xidmətlərinin ixracından gəlirləri faktiki olaraq dəyişməyib və 1,9 milyard dolla ətrafında qalıb. Halbuki regionun turizmin inkişafını özü üçün prioritet elan edən başqa bir ölkəsi - Gürcüstan xarici turizmdən gəlirlərini 46 faiz artırıb. Belə ki, bu ölkənin turizm xidmətlərindən ixracı 2019-cu ildə 2,4 milyard dollar idisə, 2025-ci ildə 3,5 milyard dollara yaxın olub. 

Gürcüstan xairic turizm gəlirlərini əhəmiyyətli dərəcədə artırmaqla yanaşı, ölkəyə gələn əcnəbilərin sayını da qorumağa nail olub. Əgər 2019-cu ildə ölkəyə gələn xarici turistlərin sayı 5,5 milyon nəfərə yaxın idisə, 2025-ci ildə də təxminən ona yaxın göstərici qeyda alınıb. 

Azərbaycana gələn əcnəbi tursitlərin sayı ölkə əhalsinin 17 faizini təşkil etdiyi halda, Gürcüstan az qala ölkə əhalisinin 150 faizi qədər xarici turist qəbul edir. Yeri gəlmişkən, regionun turizm baxımından inkişaf etmiş başqa bir ölkəsində - Türkiyədə həmin göstərici 75 faizə yaxındır. 2019-2025-cu illərdə Türkiyə ölkəyə xarici turist axınlarını 20 faizdən çox artıraraq 64 milyon nəfərə çatdırmağa nail olub.

Həm Türkiyə, həm də Gürcüstana aid rəqəmlər göstərir ki, Azərbaycan hökumətinin iqtisadiyyata zərər vuran, azad bazar sisteminə əleyhinə olan yanlış qərarları yerli turizm sektorunun region  ölkələri ilə rəqabət aparmaq imkanlarını kökündən sarsıdır.

Sərhədlərin bağlı qalması ölkə vətəndaşlarının da xarici ölkələrə turist kimi səyahət imknalarını əlindən alıb. Əgər pandemiyadan əvvəl (2019-cu ildə) xaricə turist səfərlərinə gedən Azərbaycan vətəndaşlarının sayı 4,4 milyon nəfər olmuşdusa, 2025-ci ildə bu göstərici 3 dəfədən çox azalaraq 1,3 milyon nəfərə enib. Eyni zamanda son 1 ildə xaricə turust kimi gedən ölkə vətəndaşlarının sayı 85 mn nəfər (6,2 faiz) azalıb.