Kənd təsərrüfatı naziri Məcnun Məmmədov AzTV-yə müsahibəsində deyib ki, 2025-ci ildə Azərbaycanda taxıl istehsalı 2024-cü illə müqayisədə 3% artıb.
Açıqlamaya sosial media hesabında münasibət bildirən kənd təsərrüfatı eksperti Vahid Məhərrəmli qeyd edib ki, bu rəqəmin uğur kimi təqdim olunması düzgün deyil.
"Baxın, 2019-cu ildə torpaqlarımızın 20%-i işğal altında olanda, ölkədə indikindən 163 min ton çox taxıl, o cümlədən 561,7 min ton çox buğda istehsal edilirdi. Yəni, Azərbaycanda son 6 ildə taxıl istehsalı 4,6%, o cümlədən buğda istehsalı 25,8% azalıb", - o yazıb.
Ekspert əlavə edib ki, Azərbaycan 20 il əvvəl də indikindən daha çox buğda istehsal edib.
"Belə ki, 2004-cü ildə ölkədə ilkin çəkidə 1614,3 min ton buğda istehsal edilmişdir ki, bu da 2025-ci il göstəricisindən 4500 ton çoxdur. 2004-cü ildən indiyə kimi ölkə əhalisinin sayı 1,9 milyon nəfər artmasına baxmayaraq, buğda istehsalı artmayıb, əksinə azalıb", - o qeyd edib.
"Sahəyə milyardlarla dollar vəsait ayrılır. Nəticə?! Niyə bu haqda danışmırlar?", - V.Məhərrəmli sual edib.
Azərbaycan 20 il əvvəl də indikindən daha çox buğda istehsal edib