Bloger Elvin İsayevin yaxın dostunun da 10 saylı Cəzaçəkmə Müəssisəsindən xəbərsiz köçürüldüyü bildirilir

Həbsdə olan bloger Elvin İsayevin otaq yoldaşı və yaxın dostu Vahid Əliyevin (Əliyev Vahid Ağababa oğlu) saxlanıldığı 10 saylı Cəzaçəkmə Müəssisəsindən xəbər verilmədən başqa yerə köçürüldüyü bildirilir.

Bu barədə “Abzas Media”ya Vahid Əliyevin yaxınları məlumat verib. Onların sözlərinə görə, məhbusun köçürülməsi ilə bağlı Penitensiar Xidmətə və 10 saylı Cəzaçəkmə Müəssisəsinə müraciət edilsə də, indiyədək hər hansı rəsmi açıqlama verilməyib.

Ötən il dekabrın 18-də Elvin İsayev də eyni müəssisədən yaxınlarına və vəkilinə əvvəlcədən xəbər verilmədən başqa yerə köçürülüb. Həmin gün bu barədə məlumat verən Vahid Əliyevin müəssisə rəhbərliyinin təhdidlərinə məruz qaldığı, daha sonra isə cərimə kamerasına (“kars”) salındığı bildirilir.

Yaxınlarının verdiyi məlumata görə, dekabrın 23-də yenidən həbsxanaya qaytarılan Elvin İsayev onlara bildirib ki, o, beş gün Dövlət Təhlükəsizlik Xidmətində qohumuna açılmış cinayət işi üzrə saxlanılıb və şahid qismində dindirilib. Bundan üç gün sonra - dekabrın 26-da isə Vahid Əliyevin başqa cəzaçəkmə müəssisəsinə köçürüldüyü qeyd olunur.

Vahid Əliyevin yaxınları iddia edirlər ki, o, hazırda bütün hüquqlarından məhrum edilərək tam təcrid şəraitində saxlanılır. Onların fikrincə, bu münasibət Vahid Əliyevin sosial şəbəkələrdə ölkədəki problemləri və korrupsiya hallarını ictimailəşdirməsi ilə bağlıdır.

Məsələ ilə bağlı Penitensiar Xidmətdən və 10 saylı Cəzaçəkmə Müəssisəsindən münasibət almaq mümkün olmayıb. Rəsmi qurumlar oxşar hallarla bağlı əvvəlki açıqlamalarında, adətən, məhkumlarla qanunvericilik çərçivəsində davranıldığını və ayrı-seçkiliyə yol verilmədiyini bildiriblər.

10 saylı Cəzaçəkmə Müəssisəsində bundan əvvəl də oxşar hadisələrin baş verdiyi iddia edilib. Hüquqlarını tələb edən məhkumların yaxınlarına xəbər verilmədən daxili məhkəmə qərarları əsasında qapalı tipli cəzaçəkmə müəssisələrinə köçürüldüyü barədə məlumatlar yayılıb.

“Abzas Media”nın əldə etdiyi məlumata görə, son dövrlər bu cür xəbərsiz köçürülmələrlə üzləşənlər arasında bir neçə siyasi məhbus da var. Onların sırasında jurnalist Arzu Sayadoğlu, inanclı fəallar Bəxtiyar Bağırov, Mansur Vəlişov, Elxan Zamanov və üç il əvvəl etiraz aksiyasına görə həbs edilən “R Group Azerbaijan” yükdaşıma şirkətinin rəhbəri *Rəmiş Cəfərovun adı çəkilir.