AXCP üzvü Əlixan Rəcəblinin narkotik ittihamı ilə həbs edildiyi bildirilir

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Masallı rayon şöbəsinin üzvü Əlixan Rəcəblinin həbs edildiyi bildirilir.
AXCP-dən "Toplum TV"-yə verilən məlumatda bildirilir ki, Ə.Rəcəbli yanvarın 7-də Masallı Rayon Polis İdarəsi tərəfindən saxlanılıb və məhkəmə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib.
Onun Cinayət Məcəlləsinin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) maddəsi ilə təqsirləndirildiyi deyilir.
AXCP üzvləri ittihamı yalan hesab edir və fəalın sosial şəbəkələrdə yazdığı tənqidlərə görə hədəf alındığını deyir.
AXCP-nin sədr Əli Kərimli də daxil olmaqla 20-yə yaxın üzvü müxtəlif ittihamlarla uzunmüddətli həbsdədir.