Daha 3 MBH üzvü azadlığa buraxılıb

Amnistiya aktı çərçivəsində yanvarın 7-də daha üç Müsəlman Birliyi Hərəkatının üzvü - Elvin Quliyev, Mirəşrəf Şiriyev və Müşfiq Şərifzadə azadlığa buraxılıb.

2023-cü il martın 10-da saxlanılan Elvin Əhliman oğlu Quliyev Beyləqan rayon sakinidir. Narkotiklərlə bağlı saxta ittihamlarla həbs olunan inanclı şəxs 2024-cü il fevralın 1-də məhkəmə qərarı ilə 4 il müddətinə azadlıqdan məhrum edilmişdi. O, 10 saylı cəzaçəkmə müəssisəsindən azad edilib.

Mirəşrəf Ağamirzə oğlu Şiriyev isə inanclıların kütləvi həbsləri zamanı, 2023-cü il mayın 12-də saxlanılmışdı. Narkotik maddələrlə şərlənən Şiriyev barəsində məhkəmənin 13 fevral 2024-cü il tarixli qərarı ilə 3 il müddətinə azadlıqdan məhrumetmə cəzası verilmişdi.

2023-cü il iyunun 9-da saxlanılan Müşfiq Tahir oğlu Şərifzadə də narkotik ittihamı ilə barəsində saxta cinayət işi açılan inanclılar sırasındadır. O, 5 mart 2024-cü ildə məhkəmə qərarı ilə 3 il müddətinə azadlıqdan məhrum edilmişdi və 17 saylı cəzaçəkmə müəssisəsindən azadlığa buraxılıb.