İmam Əli (ə) bəşəriyyət üçün misilsiz bir məktəbdir – Hacı Faiq Nəbiyev

Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Şeyxi Hacı Faiq Nəbiyev İmam Əlinin (ə) mübarək mövludu münasibətilə təbrik mesajı yayıb.
Mesajda deyilir:
 
“Bismillahir-Rəhmanir-Rəhim
Əziz və möhtərəm mömin qardaş və bacılar!
Bütün Gürcüstan Müsəlmanları İdarəsinin Şeyxi olaraq sizi və bütün dünya müsəlmanlarını İslam tarixinin ən parlaq simalarından biri, ədalətin, hikmətin və mənəvi kamilliyin ali nümunəsi olan Əmirəl-möminin İmam Əli ibn Əbi Talibin (ə) mübarək mövludu münasibətilə səmimi-qəlbdən təbrik edirəm.
İmam Əli (ə) yalnız İslam ümməti üçün deyil, bütövlükdə bəşəriyyət üçün əxlaq, elm, ədalət və insan haqlarının müdafiəsi baxımından misilsiz bir məktəbdir. Onun Kəbənin daxilində dünyaya gəlişi ilahi seçilmişliyinin rəmzi, həyatı isə haqq ilə batilin ayrıldığı meyar olmuşdur. Qurani-Kərimin canlı təfsiri olan bu böyük şəxsiyyət Peyğəmbərimizin (s) elm, hikmət və rəhbərlik mirasını ən kamil şəkildə daşıyan şəxs kimi tarixə möhür vurmuşdur.
Həzrət Peyğəmbərin (s) “Mən və Əli bu ümmətin atasıyıq” deməsi – İmam Əlinin (ə) ümmətə qarşı daşıdığı mənəvi məsuliyyəti, qayğıkeşliyi və rəhbərlik missiyasını aydın şəkildə ifadə edir. Bu baxımdan İmam Əlinin (ə) mövlud günü İslam mədəniyyətində mənəvi ata anlayışının, ailə dəyərlərinin və nəsillərarası məsuliyyətin təcəssümü kimi də dəyərləndirilir.
Bu mübarək gün münasibətilə bütün ataları səmimi-qəlbdən təbrik edir, onlara İmam Əlinin (ə) ədalətinə, səbrinə və hikmətinə uyğun bir ömür arzulayıram.
Allahdan diləyimiz budur ki, bu əziz günün xatirinə ölkəmiz Gürcüstana, regionumuza və bütün dünyaya sülh, əmin-amanlıq, xalqlar arasında qarşılıqlı hörmət və ədalət nəsib etsin. Allahdan istəyirəm ki, İmam Əlinin (ə) zəngin mənəvi irsi qəlblərimizi nurlandırsın, bizi haqq, insaf və mərhəmət yolunda daim möhkəm addımlamağa sövq etsin.
Mövlud bayramınız mübarək olsun!”