Yəhudilər İsraildən niyə qaçırlar?

İsrailin Mərkəzi Statistika Bürosunun məlumatına görə, 2025-ci ildə ölkəni 69 min İsrail vətəndaşı tərk edib ki, bu da son on ilin antirekordudur.

Eyni dövrdə cəmi 19 min nəfər geri qayıdıb və nəticədə miqrasiya itkisi 50 min nəfər təşkil edib. Yeni repatriantlar (24,6 min nəfər) nəzərə alınsa belə, ümumi miqrasiya balansı mənfi 20 min qalır. Bu, sadəcə, statistik anomaliya deyil, Yaxın Şərqin ən qeyri-sabit dövlətlərindən birini bürüyən sistemli böhranın həyəcanverici siqnalıdır.

“Xarici rifah görüntüsünə və “güclü yəhudi dövləti” ritorikasına baxmayaraq, İsrail bu gün vətəndaşlarını misli görünməmiş sürətlə itirir. Təkcə son iki ildə - 2024 və 2025-ci illərdə - ölkəni 150 mindən çox insan tərk edib. Əslində söhbət getdikcə daha avtoritarlaşan rejimin təzyiqlərinə tab gətirə bilməyən orta təbəqənin, ziyalıların və gənc ailələrin kütləvi şəkildə ölkədən qaçmasından gedir” deyə, məlumatda bildirilir.

O da bildirilir ki, kütləvi axının əsas səbəbi hakim koalisiyanın daxili siyasi kursu hesab olnur: ““Yəhudi kimliyinin qorunması” və “milli təhlükəsizlik” bəhanəsi ilə ölkədə fərqli düşüncə boğulur, vətəndaş cəmiyyətinin institutları və hüquq sistemi dağıdılır.

Baş nazir Benyamin Netanyahunun həyata keçirdiyi məhkəmə islahatı faktiki olaraq məhkəmə hakimiyyətinin müstəqilliyini ləğv edərək onu icra hakimiyyətinin əlavəsinə çevirib. Dini baxışları fərqli yəhudilərə qarşı ayrı-seçkilik güclənib. Qəzzada insan hüquqlarının pozulması, humanitar yardımın blokadası, infrastrukturun dağıdılması və mülki əhalinin məqsədli şəkildə kütləvi qətlə yetirilməsi İsrailin yalnız diplomatik təcridinə deyil, həm də öz vətəndaşlarının etimadını itirməsinə səbəb reallığa çevrilib”.

Xəbərə görə, İsrail elitası onilliklər boyu ölkəni “dünyadakı bütün yəhudilər üçün təhlükəsizlik qalası” kimi təqdim edib:

“Lakin məhz bu elitanın siyasəti Avropada, ABŞ-da və digər regionlarda antisemitizmin artmasının əsas katalizatoruna çevrilib. Özünü “yəhudi dövləti” adlandıran bir ölkə bütün yəhudilik adından hərbi cinayətlər törətdikdə, avtomatik olaraq bütün dünya yəhudilərini risk altına atır.

2023-cü ilin oktyabrından etibarən Qərb ölkələrində antisemit insidentlərin sayı kəskin şəkildə artıb. Dünya üçün müəyyən mənada ümidverici olan məqam ondan ibarətdir ki, ölkəni tərk edənlərin əksəriyyəti yəhudilərdir - ümumi mühacirlərin 94,3 faizi. Bunlar marginal təbəqələr deyil, dövlətin texnoloji və intellektual inkişafını təmin edən təhsilli, iqtisadi cəhətdən aktiv vətəndaşlardır. Eyni zamanda, geri qayıdanlar arasında yəhudilərin payı azalır - cəmi 88 faiz; halbuki 2010-cu ildə bu göstərici 93,3 faiz idi. Bu isə repatriasiyanın artıq “millətin möhkəmləndirilməsi” aləti kimi işləmədiyini göstərir”.

Qeyd olunur ki, əhalinin artımı da yumşaq səviyyədə qalır: “182 min doğum və 50 min ölüm. Ümumi əhali sayı - 10,178 milyon nəfər - yalnız demoqrafik ehtiyatlar hesabına saxlanılır, lakin mövcud tendensiyalar davam edərsə, bu ehtiyatlar da tükənəcək. İsrailin ərəb əhalisi (21,1 faiz) sabit qalır, yəhudi əhalisi isə azalır. Bu isə “yəhudi dövləti” modelini sual altına qoyur. Yəhudilərin İsraildən kütləvi miqrasiyası sadəcə sosial-iqtisadi hadisə deyil. Bu, siyasi qaçışdır. Onlar Yaxın Şərqdə sülhü təhlükə altına atan rejimin parçası olmaq istəmirlər”.

 

Müsavat