Vətəndaş cəmiyyəti üzvləri son amnistiya aktını "manipulyasiya" adlandırır

Müstəqil vətəndaş cəmiyyəti üzvləri dekabrın 15-də Azərbaycan prezidenti tərəfindən təşəbbüsü irəli sürülən, hazırda icra olunan amnistiya aktını "manipulyasiya" adlandırıb. 

Azərbaycandan xaricdə yaşayan 20-yə yaxın vətəndaş cəmiyyəti üzvü dekabrın 24-də verdikləri bəyanatda bildiriblər ki, amnistiya təşəbbüsü ictimaiyyətdə həm məhbus sıxlığının azalması, həm də siyasi məhbus kimi tanınan şəxslərin azad ediləcəyi ilə bağlı "ümidlərə rəvac verib"

Buna baxmayaraq, onlar amnistiyanın elan edilmiş məqsədləri ilə mövcud amnistiya arasında ziddiyyətlərin olduğunu deyirlər.

"Belə ki, Aktın 1-ci bəndi üzrə amnistiya tətbiq edilən şəxslərin dairəsi həssas sosial qrupları əhatə etmək nöqteyi-nəzərindən geniş götürülsə də, Aktın 2 və 3-cü bəndində amnistiyanı əhatə edən cinayət əməllərinin çərçivələri dar olub. Amnistiya üzrə cəzadan azad edilən məhkumlara münasibətdə az ağır və ağır kateqoriyalar cəzasının bitməsinə qısa müddət qalmışlarla (müvafiq olaraq, 6 ay və 1 il) məhdudlaşdırılıb. Eyni yanaşma, cəzaların azaldılmasına münasibətdə də tətbiq edilib (cəza yüngülləşdirmə yalnız 6 ayla məhdudlaşdırılıb)", - bəyanatda qeyd olunur. 

Müraciətçilər aktın 7-ci bəndinə istinad edərək bildirir ki, amnistiyanın tətbiqinə məhdudiyyətlər sırasında ağır və xüsusilə ağır cinayətlərlə yanaşı, az ağır cinayətlərin geniş siyahısı əlavə edilib. "Bunun nəticəsində bu Amnistiya aktının misli görünməmiş olmasına dair rəsmi iddialar elə Aktın özünün mətni əsasında təkzib edilib", - onlar əlavə edib. 

Vətəndaş cəmiyyəti üzvləri daha sonra hazırki amnistiya aktını 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti və 1992-ci ildə AXC-Müsavat hakimiyyəti tərəfindən icra edilən amnistiya layihələri müqayisə edərək bildirib ki, hazırki amnistiya heç də təbliğ olunduğu kimi "ən genişmiqyaslı amnistiya" deyil. 

Onlar daha sonra vurğulayıb ki, amnistiyada nəzərdə tutulduğu kimi məhkumların cəza müddətinin sonuna az qalmış azadlığa buraxılmasına məhkəmələr tərəfindən də qərar verilə bilərdi. 

"Keçid ədaləti insan hüquqlarına dair sui-istifadə hallarını aradan qaldırmaq üçün nəzərdə tutulan ədliyyə mexanizmləri, siyasi islahatlar, kultural cəhdlər və ya digər tədbirlərdən ibarət prosesdir. Lakin 2025-ci il Amnistiya aktı keçid ədaləti prinsiplərinə cavab vermir, karseral dövlət təcrübəsini və bu təcrübənin yol açdığı məhbus sıxlığı böhranını, habelə siyasi məhbus problemini aradan qaldırmağa heç bir töhfə vermir. Beləliklə, bu aktın formal olaraq amnistiya adlandırılması bu tədbirin məğzinin manipulyativ cəhd olmasını gizlətmək cəhdidir", - deyə qeyd olunub. 

Bəyanatda, həmçinin, Azərbaycanda siyasi məhbus kimi tanınan şəxslərin sayının 400-ə çatdığı, bunun Azərbaycanın 2001--ci ildə Avropa Şurasına üzv olmasından bəri ən yüksək rəqəm olduğu xatırladılır. 

Amnistiya aktının icrasına dekabrın 22-də başlanılıb. Rəsmilər aktın 17 min şəxsə şamil ediləcəyini deyir.