Dekabrın 5-də Bakı Apellyasiya Məhkəməsi Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin barəsindəki həbs qətimkan tədbirindən verdiyi şikayətə baxıb.
AXCP sədrinin müavini Seymur Həzinin "Toplum TV"-yə verdiyi məlumata görə, məhkəmə partiya sədri barəsində Səbail Rayon Məhkəməsinin verdiyi həbs qətimkan tədbirini qüvvədə saxlayıb.
S.Həzinin sözlərinə görə, Ə.Kərimli məhkəmədə çıxış etməkdən imtina edib və bunu məhkəmələrin "qərarverici qüvvə" olmaması ilə əsaslandırıb.
O əlavə edib ki, partiya sədri saxlanıldığından bəri istintaqa da ifadə verməyib və ittihamları absurd hesab edir.
AXCP-dən, həmçinin, bildirilib ki, məhkəmə önünə toplaşmaq istəyən bir qrup partiya fəalı polis tərəfindən saxlanılıb. Onların arasında AXCP təşkilat şöbəsinin sədri Saqif Qurbanovun, Binəqədi rayon şöbəsinin sədri Ramid Qurbanov və başqaları var.
Partiya fəalı Rəşad Əliyevə saxlanma zamanı işgəncə verildiyi bildirilib.
Dekabrın 1-də Əli Kərimli barəsində 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilib.
Ona qarşı Cinayət Məcəlləsinin 278.1-ci (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.
Ə.Kərimli noyabrın 29-da Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılıb və evində 6 saatdan çox axtarış aparılıb.
Eyni gündə AXCP Ali Məclisinin katibi Məmməd İbrahim, sədrin köməkçisi Faiq Əmirli, AXCP üzvü Ruslan Əmirov və keçmiş üzv Saleh Rüstəmli də saxlanılıb. F.Əmirli, R.Əmirov və S.Rüstəmli sonradan sərbəst buraxılıb.
Məhkəmə Əli Kərimli barəsində verdiyi həbs qətimkan tədbirini qüvvədə saxlayıb.