Ruhani əxlaq polisi, yoxsa nifrət hədəfi?! 1-ci hissə

Öz haqqında çox söz deyilən xəbərin danışılmayan məqamlarına laqeyd qalmaq – sadə dildə desək – doğru olmazdı. Zamanla bu kimi mövzulara yer verən hökumətyönlü media orqanları da həmin xəbərdə gizlədilən həqiqəti yumşaq şəkildə demiş olurlar. Lakin görünür ki, bəhanə axtaranların bu yanaşması – məsələyə göz yummaq cəhdi – bəzi nüansları açmaq zərurətini yaradır.

Xəbərdə deyilirdi:
“Kənd məscidinin 43 yaşlı imamı dini tədbir zamanı qayda pozuntusuna yol verib. Məclisdə 5 yaşlı uşağın iştirakı səbəbilə imam barəsində protokol tərtib edilib və o, 1 500 manat cərimələnib.”

Bu xəbər həm qəribəliyi, həm də geniş yayılması baxımından çoxlarının diqqətini çəkib. Hətta məsələdən xəbərsiz olanlar belə, “qayda pozuntusunun” nə olduğu ilə tanış oldular.

Məsələnin mahiyyəti azyaşlının məsciddə hansı “pozuntuya məruz qalmasında”, yaxud neçə-neçə dəyərli oğullarımızın və şəhidlərimizin hansı məscidlərdə tərbiyə alması ilə bağlı deyil. Bu mövzular kifayət qədər deyilib. Habelə qadağanın hakimiyyət tərəfindən mənəviyyat, əxlaq və digər fundamental dəyərləri hədəfə alan planlı tədbir olması da gizli həqiqət deyil.

Əsas məsələ – ruhanini hədəfə çevirərək onu nifrət obyektinə çevirməyə yönəlmiş siyasət və bu oyunda dilsiz qurbana çevrilən imamın düşdüyü acınacaqlı vəziyyətdir.

Ruhani məsciddə nə “əxlaq polisi”, nə də polisə yardımçı qüvvədir. Onun kiminsə məsciddə iştirakını nəzarətdə saxlamaq kimi bir vəzifəsi yoxdur. Məscidin daxili nizamı məscid icmasının səlahiyyətindədir; kimlərin məscidə girib-girməməsi də onların qərarı olmalıdır, ruhaninin yox. Yumşaq desək – polis işini polis görməlidir.

Ruhaninin vəzifəsi dini qaydaların icrası, insanları ilahi gözəlliklərə çağırmaq, mənəvi paklıq aşılamaq, namaz qıldırmaq, moizə oxumaq və bu kimi fəaliyyətlərdir. Onun dini təhsili də məhz bu istiqamətdədir. İnsanları tutmaq, məscidə buraxmamaq, qadağalar tətbiq etmək – bunlar sovet dövründən bəri polisin gördüyü işlərdir.

Belə olan halda sual yaranır: axundlardan bu məsələdə “məsuliyyət” tələb etmək hansı ehtiyacdan doğur?

Bəziləri, adətən humanist yanaşıb, polisin məscidin qarşısında dayanmasını həm həqarət, həm də narahatlıq kimi qiymətləndirərək, bu işi “özümüzdən biri”nin görməsini daha məqbul saya bilər. Hətta elə düşünənlər də tapılar ki, guya nəzarəti ruhani etsə, azyaşlı uşağı görməzdən gəlib məscidə buraxa bilər.

Lakin şübhə yoxdur ki, bu düşüncə hər nə qədər xoş niyyətdən doğsa da, onun tam əksi gerçəklikdir: onlar bu məsələdə ən kiçik detalları belə diqqətdən qaçırmayıblar.