Hökumət vətəndaşlara "həm iş vermir, həm də tibbi sığortadan məhrum edir"

Milli Şuranın sədri, tarixçi Cəmil Həsənli icbari tibbi sığorta üçün aylıq 16 manat ödəniş tələbi haqda qanuna təklif olunan dəyişikliyə münasibət bildirib.
O, "Facebook" səhifəsindəki yazısında qeyd edib ki, hökumət vətəndaşlara "həm iş vermir, həm də tibbi sığortadan məhrum edir".
"İşsiz adamlar, qazanc yeri olmayan vətəndaşlar ayda 16 manat ödəməsə onlara tibbi xidmət göstərilməyəcək. İndi belə bir sual çıxır ortalığa: siz nə zaman bu adamlara iş verdiniz ki, onlar işləmədilər? Həm iş vermirsiniz, həm işsiz adı ilə tibbi sığrtadan məhrum edirsiniz. Eyni vaxtda bir başa iki qapaz vurursunuz."
Müstəqil iqtisadçıların hesablamalarına istinad edən siyasətçi bildirib ki, ölkədə əmək qabiliyyətli əhalinin təxminən 33 faizi işsizdir:
"Bu da 2 milyondan bir qədər artıq işsiz deməkdir. Yəni 2 milyon adamın tibbi sığortası təhlükə altındadır."
"Hökumət bunlara iş vermir, işsiz kimi qeydə almır, işsizliyə görə müavinət vermir, uşaq pulu vermir, üstəlik ayda 16 manat da tibbi sığorta pulu istəyir. Gələn ilin büdcə paketində 2 milyon adamı tibbi sığortadan kəsib adını da qoyurlar sosial yönümlü büdcə?! Sosial ölkələrdə dövlət nəinki işsizə aylıq yardım edir, işsiz olduğu müddətdə hətta ev kirayəsi və səhiyyə xərclərini qarşılayır", - o əlavə edib.