Azərbaycan neftinin Avropaya axını: çox satılır, amma daha ucuz

Azərbaycan Qərb ölkələri ilə siyasi münasibətlərin gərgin olması fonunda bu regionla neft və qaz satışını genişləndirib. 2025-ci ilin yanvar-oktyabr aylarında Azərbaycanın xam nefti və xam neft məhsullarının əsas alıcıları yenə də Avropa ölkələri olub, hətta bir çox ölkələr idxal həcmlərini belə artırıblar. Baxmayaraq ki, son illərdə siyasi müstəvidə rəsmi Bakının Asiya istiqamətinə meyilləri artsa da, enerji sektorunda bunun əksi müşahidə edilir.

Avropa ölkələrinə xam neft satışı 2-3 dəfə artıb

Dövlət Gömrük Komitəsinin cari ilin 10 ayına dair xarici ticarət hesabatında göstərilir ki, Azərbaycanın neft ixracında lider mövqe yenə də İtaliyaya məxsusdur. Hesabat dövründə Azərbaycan neftinin 58 faizi bu ölkə tərəfindən alınıb. İtaliyaya ixrac olunan neftin həcmi 12 milyon tonu keçib və bu göstərici 2024-cü illə müqayisədə təxminən 30 faizə qədər artıb. Halbuki iyul-avqust aylarında “Azərilayt” markalı neftin tərkibində xlorid çirklənməsi aşkar edildiyi üçün ilk narazılıq bildirən məhz İtaliya neft emalı zavodları olmuşdu və həmin dövrdə tədarük müvəqqəti dayandırılmışdı. Buna baxmayaraq, sonrakı aylarda İtaliya Azərbaycandan daha böyük həcmdə xam neft tədarükü həyata keçirərək, əvvəlki dinamikanı üstələyib. Azərbaycanın bu ölkədə yeni aldığı neft emalı zavodunun xam neft həcminin artmasına dair təsirlərini isə yalnız gələn ilin hesabatlarında dəqiq görə biləcəyik.

Eyni vəziyyət Rumıniya ilə bağlı da müşahidə olunur. Bu ölkənin də iyul-avqust aylarında Azərbaycan neftinin çirklənməsi səbəbi ilə alışı məhdudlaşdırmasına rəğmən, ilin ümumi mənzərəsində idxalının əhəmiyyətli dərəcədə artdığını görmək olur. Rumıniya 2025-ci ilin 10 ayında Azərbaycandan neft alışını 48,4 faiz yüksəldərək 870 min tona çatdırıb.

Bununla yanaşı, İrlandiya və Niderland da Azərbaycan neftinə tələbatı kəskin artıran Avropa ölkələri sırasında yer alır. İrlandiyaya 410,8 min ton, Niderlanda isə 360,2 min ton neft satılıb və hər iki ölkə üzrə artım 2-3 dəfəyədək təşkil edir.

Rəsmi Parislə mövcud siyasi gərginliyə baxmayaraq, Fransa da ölkəmizdən neft alışını artırıb. Azərbaycan bu ölkəyə neft ixracını 3 dəfə artıraraq, ümumi həcmi 281 min tona, Yunanıstan isə idxalı iki dəfə artaraq 500,7 min tona çatdırıb. Almaniya Azərbaycandan neft idxalını 956,7 min tona yüksəldərək 9,3 faiz artım nümayiş etdirib, Avstriya isə 177,5 min tonla tədarükünü iki dəfə artırıb.

Avropada ümumi artım fonunda iki ölkə üzrə azalma müşahidə edilib. Böyük Britaniya və Portuqaliyanın Azərbaycandan neft idxalı təxminən 20-21 faiz azalıb. Böyük Britaniya 515 min ton, Portuqaliya isə 803 min ton neft tədarük edib.

Bu il Azərbaycanın Avropadakı neft bazarına İsveçrə və Danimarka da də daxil olub və bu ölkələrə 172,8 min ton və 88,1 min ton xam neft və neft məhsulları satıb.

Asiya regionu Azərbaycandan neft alışını azaldıb

Asiya ölkələrində isə tam əks tendensiya müşahidə edilir və bu region üzrə neft ixracı kəskin şəkildə azalıb. Ən ciddi azalma Hindistan bazarında baş verib. 2024-cü ildə Hindistana təxminən 1,16 milyon ton neft satsaq da, 2025-ci ildə 78,6 faiz azalaraq 250,1 min tona qədər düşüb. Çox böyük ehtimalla bunun səbəbi Hindistanın Rusiyadan daha ucuz neft tədarükünü artırmasıdır. Tunisə neft ixracı 30 faiz, Tailanda 63,4 faiz, İndoneziyaya isə 52,7 faiz azalıb.

Diqqət çəkən məqamlardan biri odur ki, Türkiyəyə ixrac edilən xam neftin həcmi də 62,4 faiz azalıb. Bu azalma tranzit və logistika baxımından da önəmli siqnal sayılır, çünki Türkiyə Azərbaycan neftinin əsas tranzit marşrutlarından biridir.

Ötən illərdə Azərbaycan nefti üçün mühüm bazarlardan sayılan İsrail, İspaniya, Ukrayna və Uruqvay kimi ölkələr bu il siyahıda yer almayıb.

Hansı ölkə nefti neçəyə alıb?

2025-ci ildə Azərbaycanın müxtəlif ölkələrə satdığı neftin bir barelinin orta qiyməti 70,6 dollar təşkil edib. Bu, dövlət büdcəsinin gəlirlərinin formalaşdırılması üçün nəzərdə tutulan 70 dollar/barel proqnozu civarındadır.

İtaliya, Böyük Britaniya, İrlandiya və Almaniya kimi əsas Avropa alıcılarında bir barelin qiyməti 69-72 dollar arasında dəyişib. Niderland, Fransa və Hindistana satılan neftin barel qiyməti təxminən 68 dollar olub.

Ən yüksək qiymətlər isə İsveçrə, Tailand, İndoneziya, Danimarka və Bolqarıstan bazarlarında müşahidə edilib. Danimarkaya bir barel nefti 76,2 dollara, İsveçrəyə 75,54 dollara, Bolqarıstana isə 82,23 dollara satılıb. Neft ən ucuz qiymətə isə Gürcüstana (55,8 dollar) və Türkiyəyə (66,03 dollar) satılıb.

Qeyd edək ki, 2025-ci ilin yanvar-oktyabr aylarında ixrac olunan xam neftin ümumi miqdarı 1 faiz artaraq 20,7 milyon ton təşkil edib. Bununla belə, ümumi ixrac dəyəri 15 faiz azalaraq xam neftdən 10,85 milyard dollar gəlir daxil olub.  Gəlirlərin azalması əsasən 2025-ci ildə dünya bazarında neftin orta qiymətinin əvvəlki illə müqayisədə aşağı düşməsi ilə əlaqədardır.

 
MeydanTV