Məhbuslardan birinin üzərində elektron cihaz tapıldıqdan sonra Bakı İstintaq Təcridxanasında yoxlamalar xeyli sərtləşdirilib.
Bu barədə “Abzas Media”nın təcridxanadakı mənbələri məlumat verib.
Təcridxana rəhbərliyi bunu təhlükəsizliklə izah etsə də, mənbələr vəziyyətin sui-istifadəyə çevrildiyini deyirlər.
Hadisədən sonra struktur dəyişiklikləri edilib: istintaq otağının rəisi vəzifəsinə Şəhriyar adlı mayor təyin olunub, onu isə görüş otağının rəhbəri postunda Ruslan adlı şəxs əvəz edib. Mənbənin iddiasına görə, qanunsuz axtarışlara rəhbərlik edən də məhz Şəhriyar adlı şəxsdir.
Onun sözlərinə əsasən, axtarışa etiraz edən məhbuslar vəkillə görüşmək hüququndan məhrum edilə bilər və görüş otağına buraxılmırlar:
“Şəhriyar adlı mayor həm istintaq otağına, həm də görüş otağına nəzarət edir. Hər hansı məhbusla problem yaşadıqda bunu görüş otağında da davam etdirə bilər”.
Noyabrın 3-də qanunsuz axtarışlara etiraz edən jurnalist Ülviyyə Əli (Quliyeva) da vəkillə görüşə buraxılmayıb. Jurnalistin yaxınlarının sözlərinə görə, onun məhkəmə sənədləri də yoxlanılıb və Ülviyyə Əli buna etiraz edib.
Mənbə mövcud praktikanın qanunvericiliyə uyğun olmadığını vurğulayır:
“Qanunda vəkillə görüşə gedən məhbusun üzərində axtarış aparılması nəzərdə tutulmur. Yalnız xüsusi cihazla baxışdan söhbət gedir. Amma burada nəzarətçilər məhbusları əllə yoxlayır”.
Onun iddiasına görə, BİT rəhbərliyi hüquqsuzluğa etiraz edən siyasi məhbuslara təzyiq göstərmək üçün vəziyyətdən sui-istifadə edir:
“Deyirlər ki, “yuxarıya məlumat verəcəyik, buradan yazı çıxarılır, biz də qarşısını alırıq”. Bu, qanunsuzluğun davam edəcəyinin açıq etirafıdır”.
Mənbə əlavə edir ki, qadın məhbusların yoxlanılması istintaq otağında deyil, görüş otağının inzibati hissəsində aparılır. O, bunun iki mümkün səbəbini göstərir:
“Görüş otaqlarının dinlənilməsi ehtimal olunur. Digər səbəb isə qanunsuz yoxlamanı leqallaşdırmaq cəhdidir. İnzibati binaya daxil olarkən yoxlama nəzərdə tutulsa da, nəticə dəyişmir, çünki məhbuslar kameradan vəkillə görüşə aparılmaq üçün çıxarıldığı anda artıq qanun pozuntusu baş verir”.
Bakı İstintaq Təcridxanasında yoxlamalar sərtləşdirilib