Tramp administrasiyası insan haqları hesabatına hansı pozuntuları salacaq

Müsbət ayrıseçkilik siyasəti, abortlara dövlət subsidiyaları ABŞ Dövlət Departamentinin illik hesabatında insan haqları pozuntusu sayılacaq. "Reuters" yazır ki, prezident Donald Tramp administrasiyası xarici siyasətini "Öncə Amerika" prinsiplərinə uyğunlaşdırmağa çalışır.

Dövlət Departamentinin yüksəkrütbəli nümayəndəsi deyib ki, hesabatla bağlı ABŞ rəsmilərinə yeni təlimatlar verilib, onlardan xarici ölkələrdə insan haqlarının pozulmasını hesabatda göstərmək tələb olunur. Buraya söz azadlığı ilə bağlı həbslər və rəsmi təhqiqatlar, abortlara və abort dərmanlarına dövlət subsidiyaları daxildir.

 

"İnsan haqları pozuntularını cavabsız qoymayacaq"

"Son illər yeni destruktiv ideologiyalar insan haqları pozuntuları üçün təhlükəsiz sığınacağa çevrilib. Tramp administrasiyası uşaqların şikəst edilməsi, ifadə azadlığını məhdudlaşdıran qanunlar və irqi ayrıseçkiliyə əsaslanan işəgötürmə praktikası kimi insan haqları pozuntularını cavabsız qoymayacaq", – Dövlət Departamenti sözçüsünün müavini Tommi Piqott deyib.

Dövlət Departamentinin İnsan Haqları Hesabatı onilliklər boyu qlobal insan haqları müdafiəsi üçün əsas istinad sənədi rolunu oynayıb. "Reuters" yazır ki, administrasiya builki hesabatda respublikaçı prezidentin tərəfdaşı olan bəzi ölkələrlə bağlı tənqidi xeyli yumşaltmışdı. Bunun əvəzində hesabatda Avropada söz azadlığının aşınması haqda xəbərdarlıq yer alıb.

AzadlıqRadiosu da bu ilin avqustunda açıqlanan hesabatın Azərbaycanla bağlı hissəsində "seçki", "siyasi məhbus" ifadələrinin salınmamasına diqqət çəkmişdi. Hazırda insan haqları müdafiəçiləri ölkədəki siyasi məhbus sayının 400-ə yaxınlaşdığını deyirlər. Hökumət rəsmiləri isə bu termini qəbul etmir, fərdlərin konkret cinayətlərə görə cəzalandırıldığını bildirir.

 

"Siyasətdən asılı olmayaraq"

Amma Dövlət Departamentinin aparıcı rəsmisi vəd edib ki, ABŞ siyasətdən asılı olmayaraq hüquq pozuntularını tənqid edəcək, "bəzi dostlarımıza və müttəfiqlərimizə qarşı da sərt olacaq".

"Kyiv Post" nəşrinin Vaşinqton müxbiri Ələkbər Raufoğlu yazır ki, Azərbaycan və Gürcüstan kimi ölkələrdə siyasi məhbuslar, jurnalistlər ilə bağlı suala cavabında rəsmi bu məqamların da hesabatlarda yer alacağını təsdiqləyib: "Əlbəttə, transmilli təqib, jurnalistlərin həbsi, söz azadlığının məhdudlaşdırılması, bir insanın həyatına və fiziki təhlükəsizliyinə qarşı pozuntuları bütün dünyada tənqid edəcəyik, istər dost, istər düşmən ölkə olsun".

Hazırda Azərbaycanda 30-dək jurnalist, siyasi-ictimai fəal qaçaqmalçılıq və digər ittihamlar həbsdədir. Co Bayden administrasiyası dövründə onlardan bəzilərinə insan haqlarının müdafiəsinə, korrupsiya araşdırmalarına görə həbsdə mükafat verilib. Azərbaycan prezidenti İlham Əliyev Co Bayden administrasiyasını tənqid edir, onun dönəmində ikitərəfli münasibətlərdə böhran yarandığını deyirdi. Donald Tramp administrasiyası ilə isti münasibətlər qurulub. Avqustun 8-də Vaşinqtonda Ermənistanla sülh sazişi paraflanıb. D.Tramp Azərbaycana hərbi yardımı qadağan edən "907-ci düzəliş"i dondurub.