Müsəlman Birliyi Hərəkatı “Mübariz” medalını təsis edib

Müsəlman Birliyi Hərəkatı (MBH) Azərbaycanın Milli Qəhrəmanı, şəhid Mübariz İbrahimovun xatirəsinə “Mübariz” medalını təsis edib. Medal MBH üzvləri arasında elmi, əqidəvi, ictimai, siyasi, sosial və digər sahələrdə xüsusi fərqlənən şəxslərə təqdim olunmaq məqsədilə hazırlanıb.

Hərəkat medalı təqdim etmək üçün tarixi simvolik məqam — “Qanlı Nardaran” hadisəsinin baş verdiyi 26 noyabr 2015-ci il tarixini seçib. Bununla da MBH həmin hadisənin tarixdəki yerini bir daha xatırlatmağı və yaddaşlarda yaşatmağı hədəfləyir.

Medalın hər il 26 noyabr tarixində hərəkat üzvlərindən seçilən şəxslərə təqdim edilməsi planlaşdırılır. Təşkilatın rəhbəri Tale Bağırzadənin təşəbbüsü ilə hazırlanan medalın üzərində Azərbaycan Respublikasının atributları və MBH-nin gerbi əks olunub.