“Kəmərsıxma” əməliyyatı hökumətdən maliyyələşən media və QHT-lərə də çatıb

2026-cı ilin dövlət büdcəsi ilə bağlı bəzi detallar məlum olub və bu detallar Qeyri Hökumət Təşkilatlarına (QHT), eləcə də rəsmi informasiyaların yayılmasına məsul qurumlara ayrılan vəsaitin azaldığını göstərir.

İlk olaraq, dövlət informasiya agentliyi “AZƏRTAC”-ın maliyyəsinin əhəmiyyətli dərəcədə ixtisar edilməsi diqqət çəkir. Belə ki, 2025-ci ildə büdcədən quruma 9,1 milyon manat ayrıldığı halda, gələn il üçün bu məbləğ təxminən 22 faiz - 2 milyon manat azaldılaraq 7,1 milyon manata endirilib.

Bakının mərkəzində böyük binaya sahib “Azərbaycan Nəşriyyatı” MMC-yə isə ümumiyyətlə vəsait ayrılmayıb. Halbuki 2025-ci ildə bu quruma təxminən 2,3 milyon manat vəsait nəzərdə tutulmuşdu.

Dövlət büdcəsindən iri həcmdə maliyyə alan iki əsas televiziya qurumunun - Azərbaycan Dövlət Televiziyası”(AzTV) və “İctimai TV”-nin (İTV) maliyyəsi isə demək olar, dəyişməz qalıb. Gələn il üçün AzTV-yə 42,4 milyon manat, İTV-yə isə 21,8 milyon manat ayrılması planlaşdırılır.

Media Agentliyinin də büdcəsi ciddi şəkildə ixtisar olunub. Bu quruma ayrılan vəsait 1,3 milyon manat (20 faiz) azaldılaraq 7,8 milyon manatdan 6,5 milyon manata endirilib. Son günlər qəzetlərə maliyyə yardımının ayrılması, bəzi qəzetlərin nəşrini dayandırması və ya gündəlik çapdan həftəlik rejimə keçməsi ilə bağlı xəbərlərin də məhz bu ixtisarlarla əlaqəli olduğu ehtimal edilir.

QHT Agentliyinin xərcləri də azaldılıb. Qurumun aparatının saxlanmasına ayrılan büdcə 600 min manat (10 faiz) azaldılaraq 6,6 milyon manatdan 6 milyon manata endirilib. Bununla belə, hökumətyönlü QHT-lərə ayrılan vəsaitin həcmi demək olar ki, dəyişməyib, gələn il üçün həmin istiqamətə 7,4 milyon manat ayrılması nəzərdə tutulur.

Dövlətdən maliyyə alan siyasi partiyalara ayrılan yardımın məbləği də əvvəlki kimi saxlanılıb - 6 milyon manat.

Büdcəsi azaldılan daha iki qurum diqqət çəkir: “İçərişəhər” Dövlət Qoruğunun büdcəsi 1 milyon manat və ya 40 faiz azaldılaraq 2,9 milyon manatdan 1,9 milyon manata endirilib. 

“Dənizkənarı Bulvar İdarəsi”-nə ayrılan vəsait isə təxminən üç dəfə azaldılaraq 320 min manatdan 105,8 min manata endirilib.