Talış ictimai fəal İstanbulda saxlanılaraq Azərbaycana aparıldığı bildirilir

Talış ictimai fəal Kamal İsayevin İstanbulda saxlanılaraq Dövlət Təhlükəsizlik Xidməti tərəfindən Azərbaycana aparıldığı bildirilir. Bu barədə onun xanımı Aidə İsayeva OC Mediaya məlumat verib. Cütlük Rusiya vətəndaşıdır və uzun müddətdir Moskvada yaşayırlar.
O, əri ilə noyabrın 7-dən əlaqə saxlaya bilmədiyini bildirir. A. İsayevanın sözlərinə görə, həbs xəbərini çərşənbə günü Bakıda yaşayan qohumlarından öyrənib.
Moskvada yaşayan İsayev müalicə almaq üçün noyabrın 2-də Türkiyəyə gedib. O, xroniki mədə xorası xəstəliyindən əziyyət çəkir.
“O, noyabrın 4-5-də Türkiyəyə çatıb və noyabrın 7-də gecə saatlarında mənə Whatsapp vasitəsilə noyabrın 8-də gecə təyyarəsi ilə evə qayıdacağı barədə mesaj göndərib”, – İsayeva bildirib.
Səhəri gün İsayeva ərinə cavab verib, lakin onunla əlaqə saxlamaq mümkün olmayıb.
Bir neçə gün ərzində İsayeva Türkiyədəki vəkillərlə əlaqə saxlayıb və ondan etibarnamə tələb ediblər.
“Noyabrın 12-də Türkiyənin Rusiyadakı konsulluğuna getməyi planlaşdırırdım, amma yolda bacım mənə mesaj yazdı ki, İsayev saxlanılıb və Azərbaycana aparılıb. Hökumətin təyin etdiyi vəkil ona təcridxanada olduğunu deyib”.
Xanımı vurğulayıb ki, İsayev öz fəaliyyətini talışların hüquqlarının və talış dilinin müdafiəsinə yönəldib. O, Azərbaycanda siyasi motivlərlə həbs edilənləri də müdafiə edib.