Avropa və ABŞ-da fəaliyyət göstərən jurnalist, bloqçu və sosial şəbəkə fəallarına qarşı ucdantutma cinayət işi başlatmaq və ya qiyabi məhkəmələrlə onların haqqında azadlıqdan məhrum etmə cəzaları verilməsi aydın məsələdir ki, həmin mühacir fəalların real olaraq Azərbaycana gətirilib həbs edilməsi ilə nəticələnməyəcək. Hökumət özü də bunu bilir.
Hakimiyyətin mühacir jurnalist, bloqçu və sosial şəbəkə fəallarını ağına - bozuna baxmadan, ucdantutma cinayətkar elan etməsi sadəcə olaraq Azərbaycan cəmiyyətində qorxunu bir az da artırmaq məqsədilə atılan simvolik addımlardır.
Ancaq hakim komanda bu qərarların əks - effektini hesablaya bilməyib.
Əvvəla, mühacir jurnalist və bloqçuları ucdantutma cinayətkar elan edən hakimiyyət bu qərarı ilə etiraf etmiş oldu ki, xaricdən idarə olunan sosial şəbəkə vasitələrinin, xüsusilə də yutub kanallarının Azərbaycanda çox böyük auditoriyası var və həmin kanalların fəaliyyəti hakimiyyəti çox narahat edir.
İkincisi, mühacir jurnalist və bloqçuların kütləvi şəkildə cinayətkar elan edilməsi nəinki ölkə ictimaiyyətində, hətta beynəlxalq aləmdə də bu qənaəti tam formalaşdıracaq ki, Azərbaycanda heç bir söz azadlığı yoxdur. Rejim ölkə daxilində tənqidçi jurnalistlərin həbsini başa çatdırdıqdan sonra həbs dalğasını mühacir jurnalist, bloqçu və sosial şəbəkə fəallarına da çatdırmaq niyyətindədir. İnsanlarda haqlı olaraq belə bir sual yaranacaq ki, nəinki tam demokratik dövlətlərdə, hətta Ermənistan və Gürcüstanda belə nəyə görə xaricdən idarə olunan yutub kanalları Azərbaycanda olduğu qədər populyar deyil?
Səbəb isə əksəriyyətə aydındır. Yalnız sərt repressiv, müstəqil mətbuatın düşmən bilindiyi, tənqidin təhlükəli olduğu ölkələrdə xaricdən idarə olunan mətbuat, sosial şəbəkə vasitələri böyük tiraj toplayıb populyar olur.
Üçüncüsü, mühacir jurnalist, bloqçu və sosial şəbəkə fəallarının ucdantutma olaraq cinayətkar elan edilməsi Azərbaycanın onsuz da bərbad olan beynəlxalq imicinin daha da bərbad olması ilə nəticələnəcək.
Azərbaycan hakimiyyəti hələ də başa düşməyib ki, sərt repressiv idarəetmə, olduqca neqativ beynəlxalq imic dövlətin və millətin inkişafı qarşısında ciddi maneə, rifah və inkişafın qarşısını alan buxovdur.
Hakimiyyətdən növbəti biabırçı addım