Qaçaqmalçının yekəsi

“Meydan TV işi” üzrə həbs edilən Fatimə Mövlamlı təcridxanadan yazır:

Bu gün "Meydan Tv İşi" üzrə barəmdə seçilmiş həbs qətimkan tədbirinin müddəti daha 3 ay uzadıldı.

Hakim Rəfael Sadıqovun sədrliyi ilə keçirilən prosesdə etdiyim çıxışın mətnini sizlərlə bölüşürəm:

İttiham tərəfinə də, siz hakimlərə də bəllidir ki, mən jurnalist fəaliyyətimə görə həbs olunmuşam. Məni həbsdə saxlamaq üçün əlinizdə heç bir qanuni əsas yoxdur.

Evimdən (guya) tapılan 13.500 avro pulu da, həmin pullar protokollaşdırılan zaman polis maşınının içində oturub gözləyən hal şahidlərini də polislər özləri ilə gətirib. 

Mən 4 aydır ki, haqsız yerə həbsdəyəm. İndi siz bu müddəti bir az da uzadırsınız. Olsun. 

Amma unutmayın, tarix bizim, şərlənərək həbs edilmiş müstəqil jurnalistlərin ad və hekayələrini ayrı-ayrılıqda yazarkən, siz - bir ovuc şərbaz və müti olaraq xatırlanacaqsınız.

Mən öz peşəmlə, gördüyüm işlərlə və indi eyni həbsxananı bölüşdüyüm həmkarlarımla fəxr edirəm. Qaçaqmalçı adı bizə yapışmaz!

Həqiqət bundan ibarətdir ki, qaçaqmalçının yekəsi də, qaçaqmalçıların himayəçisi də, həbsimizə sifariş verən də şəxsən İlham Əliyevin özüdür!

İndi Xətai Rayon Məhkəməsindən geri Bakı İstintaq Təcridxanasında vicdanım rahat və yaxşı günlərə inamla qayıdıram. Bu inam heç də kortəbii optimizimdən qaynaqlanmır. 

Mənim inamım Azərbaycanın müstəqil mətbuatının məhrumiyyətlərlə dolu keçmişinə əsaslanır. Müstəqil mətbuat necə ki, bundan öncə qatı senzuralardan, həbslərdən, ölüm təhdidlərindən, ölümlərdən keçərək bu günə gəlib çatıb, hazırki kütləvi repressiyalardan da sabaha üzüağ çıxacaq.

Sözü həbs edə bilmədikləri müddətcə müstəqil media da bitməyəcək.

Bu gün polisin müsadirə etdiyi kameralarımız sabah yenə də həqiqətləri işıqlandırmaq üçün istifadə olunacaq.

O vaxta qədər isə bizim əvəzimizdən də yazın və unudulmağa qoymayın.

JURNALİSTİKA CİNAYƏT DEYİL!