Avropalı deputatlar İlham Əliyevi siyasi məhbusları azad etməyə çağırıb

Almaniya Bundestaqı və Avropa Parlamentini təmsil edən deputatlar Azərbaycan hökumətinə üzərinə götürdüyü öhdəlikləri xatırladaraq əməkdaşlıq üçün perspektivlərin olduğunu, bununla belə qəbul etdikləri qətnamədəki sanksiya tələbini dəstəklədiklərini də bildiriblər 

Almaniya Bundestaqının və Avropa Parlamentinin 18 deputatı Azərbaycanda media və vətəndaş cəmiyyətinə qarşı repressiyaların artığı bir dövrdə Azərbaycan hökumətinə və prezident İlham Əliyevə müraciət ünvanlayıblar. Onlar ölkə başçısına siyasi məhbuslara bəraət verilməsi və onların azadlığa buraxılması ilə bağlı çağırış ediblər. 

Deputatlar Avropa Şurasının üzvü olan Azərbaycanın öz vətəndaşlarının hüquqlarını qorumaq və əsas azadlıqları, xüsusilə ifadə, mətbuat azadlığı, toplaşmaq və birləşmək azadlığını müdafiə etmək öhdəliyini götürdüyünü xatırladıblar.

Məktubda vurğulanıb ki, bu universal hüquqlar təkcə Avropa Birliyinin əsası deyil, həm də sabitlik, tərəqqi və beynəlxalq dialoq üçün mühüm əsasdır, Azərbaycanın isə öhdəsinə götürdüyü bu hüquqları getdikcə daha çox pozması narahatlıqla müşahidə edilir.

“2023-cü ildən biz insan haqları müdafiəçilərinə, sülh fəallarına, siyasi müxalifətə, LGBTİQ+ icmasına və müstəqil mediaya qarşı sistematik hədə-qorxu tədbirlərinin kəskin artdığını müşahidə etmişik. Bu təqib və təzyiqlər xüsusilə Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi Konfransı (COP29) zamanı diqqət çəkib. Jurnalistlər, fəallar və müxalifət nümayəndələri şübhəli ittihamlarla həbs olunublar. Hazırda Azərbaycanda 350-dən çox siyasi məhbus və ən azı 23 erməni hərbi əsir, o cümlədən keçmiş tanınmamış Dağlıq Qarabağ Respublikasının rəsmiləri həbsdədir”, – deyə məktubda bildirilib.

Deputatlar repressiv rejimin qurbanları olaraq iqtisadçı alim Qubad İbadoğlu, hüquq müdafiəçisi Anar Məmmədli, gənc tədqiqatçı Bəhruz Səmədovun adlarını qeyd edib və onların talelərindən narahat olduqlarını ifadə ediblər.

Deputatların imzaladığı məktubda BMT-nin İqlim Dəyişikliyi Konfransından əvvəl və sonra  korrupsiya araşdırmaları aparan “Abzas Media” da daxil olmaqla çoxsaylı jurnalistlərin həbsi ilə bağlı narahatlıq ifadə edilib. Qeyd edilib ki, 2024-cü ilin dekabrında Berlində mənzillənən Azərbaycanın müstəqil media qurumu “Meydan TV”nin əməkdaşları da siyasi motivlərlə həbs edilib.

“Bu hallar müstəqil media peşəkarlarına qarşı repressiyaların nümunəsidir. Ötən həftə ölkədə fəaliyyət göstərən yeganə müstəqil media agentliyi “Turan” öz fəaliyyətini dayandıracağını elan edib. Bu da müstəqil mediaya qarşı davam edən təzyiqlərin ağır nəticələrini nümayiş etdirir”, –  deyə məktubda vurğulanıb.

Deputatlar insan haqları təşkilatları və məhbuslar tərəfindən bildirilən siyasi həbslər və saxlanma şəraiti, o cümlədən sistematik işgəncə və tibbi yardımdan imtinanın onları çox narahat etdiyini vurğulayaraq Azərbaycanın ratifikasiya etdiyi beynəlxalq müqavilələri açıq şəkildə pozduğunu bildiriblər.

Məktubda qeyd edilib ki, deputatlar “Amnesty International”ın bu il yanvarın 23-də Avropa Şurasına təqdim etdiyi əhatəli hesabatı çox ciddi qəbul edirlər.

Həmçinin vurğulanıb ki, hökumət müstəqil media və qeyri-hökumət təşkilatlarının işinə mane olmamalı və onların sərbəst fəaliyyət göstərməsi üçün hüquqi bazaları Venesiya Komissiyasının tövsiyələrinə uyğun olaraq tənzimləməlidir.

Deputatlar Azərbaycan hökumətini Avropa İnsan Hüquqları Konvensiyasının öhdəliklərinə riayət etməyə, xüsusən ifadə və toplaşma azadlığı, eləcə də mətbuat azadlığını qorumağa, beynəlxalq etibarlı tərəfdaşlıq üçün əsas yaratmağa çağırıb. “Biz əminik ki, Azərbaycanda insan hüquqları vəziyyətinin yaxşılaşdırılması Almaniya və Avropa İttifaqı ilə əməkdaşlıq üçün əsas şərtdir. Gələcək və mövcud əməkdaşlıqlar insan hüquqları standartlarına əməl etməyə əsaslanmalıdır”, –  deyə məktubda qeyd edilib.

Deputatlar ötən il yanvarın 19-da Avropa Parlamentinin Azərbaycanla bağlı qəbul etdiyi qətnamədəki öhdəlikləri, o cümlədən sanksiyalarla bağlı tələbləri dəstəklədiklərini vurğulayıblar.

Bundan əlavə, qeyd edilib ki, Ermənistana qarşı etibarlı, sülhyönümlü siyasət Almaniya və Avropanın Azərbaycanla əməkdaşlığının əsas şərti olmalıdır.

Deputatlar bir daha Azərbaycan hökumətini Azərbaycan xalqının, onun cəmiyyətinin rifahı və ölkənin beynəlxalq nüfuzu üçün vacib olan bu zəruri addımları atmağa çağırıb.

 

AbzasMedia