Məhkəmə jurnalistin Azərbaycana ekstradisiya olunması ilə bağlı qərarı qüvvədə saxlayıb

Yanvarın 15-də Tbilisi Apellyasiya Məhkəməsi “Azel TV” saytının rəhbəri Əfqan Sadıqovun Azərbaycana ekstradisiya olunması ilə bağlı Tbilisi Şəhər Məhkəməsinin qərarından verilmiş şikayəti təmin etməyib.
“Amerikanın Səsi”nin məlumatına görə, məhkəmə jurnalistin Azərbaycana ekstradisiya olunması ilə bağlı qərarı qüvvədə saxlayıb.
Əfqan Sadıqovun vəkili Mariyam Kvelaşvili onun hər an Azərbaycana ekstradisiya ediləcəyini istisna etməyib. Vəkil jurnalistin ekstradisiyasının qarşısını almaq üçün hüquqi müstəvidə işlərini davam etdirdiyini deyib.
Əfqan Sadıqovun hazırda üçüncü ölkədə olan xanımı Sevinc Sadıqova həyat yoldaşının ekstradisiya qərarına etiraz olaraq 117 gündür aclıq etdiyini deyib.
2023-cü ildən Gürcüstanda yaşayan jurnalist Əfqan Sadıqov ötən il avqustun 3-də Tbilisidə saxlanılıb. Gürcüstanın Daxili İşlər Nazirliyindən bildirilib ki, Əfqan Sadıqov Bakıya ekstradisiya olunacaq. Belə ki, Azərbaycanda onun barəsində şantaj maddəsi ilə cinayət işi açılıb. Əfqan Sadıqov isə Youtube kanalında etdiyi tənqidi çıxışlarına görə repressiyaya məruz qaldığını deyib.
Sentyabrın 17-də Gürcüstan Miqrasiya Xidməti Əfqan Sadıqova sığınacaq verməkdən imtina edib.
2024-cü il noyabrın 28-də Tbilisi Şəhər Məhkəməsi jurnalistin Azərbaycana ekstradisiya olunması barədə qərar qəbul edib.
2020-ci ildə pul tələb etmək ittihamı ilə 4 il müddətinə həbs edilən Əfqan Sadıqov yerli hüquq müdafiəçiləri tərəfindən siyasi məhbus kimi tanınıb. O, iki il həbsdə saxlanılandan sonra əfv sərəncamı ilə azadlığa buraxılıb.