Bakıda qazanxanada qaz sızması nəticəsində partlayış olub, 6 nəfər xəstəxanaya yerləşdirilib

Oktyabrın 7-də saat 13:50 radələrində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə Bakı şəhəri, 8-ci köndələn küçəsində qazanxanada partlayış baş verməsi səbəbilə çağırış daxil olub.

TƏBİB-dən verilən məlumata görə, hadisə yerinə 4 təcili tibbi yardım briqadası cəlb edilib. 

Partlayış nəticəsində qazanxana binası və ərazidə sahəsi 240 kv.m. olan tikilinin konstruksiyaları dağılıb, yaxınlıqdakı dördmərtəbəli binanın pəncərə şüşələri qırılıb, 3 avtomobilə ziyan dəyib.

6 nəfər (3 kişi, 3-ü qadın olmaqla) müxtəlif bədən xəsarətləri ilə TƏBİB-in tabeliyindəki tibb müəssisələrinə hospitalizasiya olunublar. Onlardan 1 nəfərin vəziyyəti kritik ağır, 1 nəfərin vəziyyəti ağır, 2 nəfərin vəziyyəti orta ağır, 2 nəfərin vəziyyəti isə qənaətbəxş qiymətləndirilir. Hazırda onların zəruri diaqnostik müayinələri aparılır.

Təcili tibbi yardım briqadaları tərəfindən 2 nəfərə (qadın cinsli) nevrotik reaksiya diaqnozu ilə yerində yardım göstərilib.

Sol sağrı üstü nahiyənin kəsilmiş yarası diaqnozu təyin edilən 39 yaşlı şəxs (qadın cinsli) isə ilkin yardımdan sonra hospitalizasiyadan imtina edib.