İsrail parlamenti Fələstin dövlətinin yaradılmasının əleyhinə səs verib

İsrail parlamenti cümə axşamı Fələstin dövlətinin qurulmasına qarşı "ekzistensial təhlükə" kimi səs verib və bu, Fələstinin və beynəlxalq ictimaiyyətin tənqidlərinə səbəb olub.

Çərşənbə günü 120 üzvdən ibarət "Knesset" İsrail tərəfindən işğal edilmiş torpaqlarda Fələstin dövlətinin yaradılmasının "İsrail-Fələstin münaqişəsini davam etdirəcəyini və regionda sabitliyi pozacağını" bildirən qətnaməni qəbul etmək üçün 68 lehinə, 9 əleyhinə səs verib. Bu qətnamə simvolikdir.

Səsvermə Baş nazir Benyamin Netanyahunun Vaşinqtona səfərindən bir neçə gün əvvələ təsadüf edir. O, həmçinin Beynəlxalq Ədalət Məhkəməsinin İsrailin İordan çayının qərb sahilini işğalının qanuniliyi ilə bağlı verəcəyi rəydən əvvəl qəbul edilib.

""Knesset" İordaniyanın qərbində [quruda] Fələstin dövlətinin yaradılmasına qəti şəkildə qarşıdır" deyilən qətnamədə İordan çayının qərb sahili və HƏMAS-ın 7 oktyabr hücumları səbəbindən baş vermiş müharibə nəticəsində viran qalan Qəzza zolağına istinad edilir.

Qətnamədə "İsrail torpağının mərkəzində Fələstin dövlətinin yaradılması İsrail dövləti və onun vətəndaşları üçün ekzistensial təhlükə yaradacaq, İsrail-Fələstin münaqişəsini davam etdirəcək və regionda sabitliyi pozacaq" deyilib.

O, HƏMAS-ın dövləti ələ keçirəcəyini və İsraili məhv etmək istəyən "radikal İslam terrorçularının bazasına" çevirəcəyini proqnozlaşdırır.

Qətnamədə deyilir ki, Fələstin dövlətini "təbliğ etmək" "terrorçuluğa mükafatdır və HƏMAS və onun tərəfdarlarını 7 oktyabr hücumlarından sonra daha da həvəsləndirəcək".

Fələstin Administrasiyası "Fələstin dövləti qurulmadan heç kim üçün nə sülh, nə də təhlükəsizlik olacaq" - deyə, bildirib. O, İsrailin hakim koalisiyasını "regionu uçuruma atmaqda" ittiham edib.

Fransa Xarici İşlər Nazirliyi qətnamənin "BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrlə ziddiyyət təşkil etdiyini" bildirərək, "narahatlıq" ifadə edib.

"Knesset" fevral ayında Fələstin dövlətini birtərəfli qaydada dəstəkləyən ölkələrin əleyhinə daha böyük səs çoxluğu ilə səs verib. Bundan sonra İspaniya, İrlandiya, Norveç və Ermənistan Fələstin dövlətini tanıdıqlarını bəyan edib.

 

AmerikanınSəsi