Şeyxin Marneulidəki "Tasua" yürüşündə iştirakına iki dəfə etiraz edilib

İyulin 15-də Marneulidə keçirilən "Tasua" yürüşündə Gürcüstan Müsəlmanları İdarəsinin (GMİ) şeyxi Hacı Faiq Nəbiyev iki dəfə etirazla qarşılaşıb. 

Operativtv.com Aktual.ge-yə istinadən verdiyi məlumata görə, saat 10:40 radələrində Marneulidəki Əhlibeyt Cəmiyyətinin önündə əhali toplanmağa başlayanda qəfil gələn şeyx, Marneuli Mərkəzi Həzrəti İmam Əli Məscidinin fəalları və şura üzvlərinin narazılığına səbəb olub. Məlumat üçün bildirək ki, uzun illərdir Marneuli Mərkəzi Məscidi GMİ-ni tanımır.

Qısa müddət sonra şeyxə ərazini tərk etməsi ilə bağlı ismarış göndərilib. Bununla razılaşmayan Faiq Nəbiyev izdihamlı yürüşdə iştirak etmək qərarından geri dönməyib. 

Hər il keçirilən "Tasua" yürüşündə ön sırada, yəni protokolda din xadimləri və qatıldığı təqdirdə Bələdiyyə rəhbərliyi iştirak edir. Lakin bu dəfə şeyx Faiqin ön sırada yürüşdə iştirak etməməsi üçün yürüş proqramının strukturu dərhal dəyişdirilib. Yürüş başlayanda şeyx protokola qoşulmaq istəyəndə, fəallar etiraz əlaməti olaraq kütləvi şəkildə protokol heyətinin önünə keçiblər. Beləliklə, protokol heyəti yürüyüş karvanından ən azı 20 metr arxada qalıb.

Şeyx ikinci dəfə yürüşün başa çatdığı Həzrəti İmam Əli Məscidinin önündə etirazla qarşılaşıb. Onlarla gənc "Şeyxə yox! Məscidləri qaytarın" şüarları səsləndiriblər.

d

Məscidin önündə ki, etirazdan sonra şeyx ətrafındakilər ilə birgə İran səfiri Məhmud Ədib ilə sağollaşıb və ərazidən uzaqlaşıb.