Türkiyə İsraillə bütün ticarəti dayandırıb - 'Bloomberg'

İsrailin Qəzza zolağında hərbi əməliyyatı davam etdirməsini səbəb göstərərək Türkiyə İsraildən bütün mal idxalını və ora ixracı dayandırıb.

"Bloomberg" bu barədə iki Türkiyə rəsmisinə istinadən məlumat yayıb.

Ticarətin tam dayandırılması, hələlik, rəsmən təsdiqlənməyib. Ticarətin hansı şərtlər altında bərpa oluna biləcəyi də məlum deyil.

Türkiyə Statistika İnstitutunun məlumatına görə, 2023-cü ildə bu ölkə ilə İsrail arasında ticarət dövriyyəsi 6.8 milyard dollar təşkil edib. Bu məbləğin təxminən 76 faizi Türkiyə ixracının payına düşüb.

İsrailin xarici işlər naziri İsrael Kats X sosial şəbəkəsində yazıb ki, Ankaranın qərarı beynəlxalq ticarət razılaşmalarına məhəl qoymadan türk xalqının və biznesinin maraqlarını pozur.

Katsın sözlərinə görə, İsrail Türkiyə ilə ticarətə təcili alternativlər yaratmağa çalışacaq - yerli istehsalı artıracaq və digər təchizatçılar axtaracaq.

Keçən həftə Türkiyə prezidenti Ərdoğan ölkəsinin artıq İsraillə ticarət əlaqələrini inkişaf etdirmədiyini söyləyib. Türkiyə lideri İsrail hakimiyyətini Qəzzada 45 mindən çox fələstinlini öldürməkdə və 75 mindən çox fələstinliyə xəsarət yetirməkdə ittiham edib.

"Reuters" qeyd edir ki, Ankaranın qərarı əvvəllər İsrailə ixraca qoyulan məhdudiyyətləri genişləndirir.

Aprelin əvvəlində Türkiyənin Ticarət Nazirliyi Qəzzada tam atəşkəs əldə olunana və fələstinlilərə humanitar yardımın fasiləsiz çatdırılmasına qədər 54 adda istehsal məhsulunun İsrailə ixracına məhdudiyyətlər qoyub. Məhdudiyyətlərə xüsusən də polad, plastik borular, alüminium məftillər, motor yağı, sement və mineral gübrələr daxildir. Həmin vaxt İsrailin cavab tədbirləri barədə hər hansı açıqlama yayılmamışdı.

Xatırlatma

Ötən il oktyabrın 7-də Qəzza zolağından ABŞ və bir sıra Qərb ölkələrinin terror təşkilatı saydıqları HƏMAS silahlılarının gözlənilmədən yəhudi yaşayış məntəqələrinə hücum etməsi ilə Yaxın Şərqdə vəziyyət gərginləşib. Həmin hücumlar nəticəsində min 200-ə yaxın israillinin öldürüldüyü, 250-dən çoxunun girov götürüldüyü bildirilir.

Fələstin anklavının Səhiyyə Nazirliyinin məlumatına görə, İsrailin Qəzza zolağında keçirdiyi hərbi əməliyyatlar nəticəsində həlak olan fələstinlilərin sayı isə 34 mini keçib.

İsrail hökuməti Qəzza zolağının HƏMAS-dan tamamilə təmizlənəcəyini açıqlayıb. Çoxlu sayda ölkə İsrailin cavab addımlarını qeyri-mütənasib hesab edir.

 

 

AzadlıqRadiosu