Özünün olmayan savaş: Qərb Ukraynanı hara aparır?

Avropa İttifaqının qarşıdakı 4 il üçün Ukraynaya 50 milyard avroluq yardım paketini təsdiqləməsi rəsmi Kiyevin Rusiya qarşısında daha bir müddət duruş gətirməsinə hesablansa da, Zelenski hakimiyyəti artıq psixoloji olaraq çöküb və onun yenidən dirçəlməsi, toparlanması mümkün görünmür.
Son iki il ərzində Qərb tərəfdaşlarının Ukraynaya ayırdıqları 203 milyard dolların fonunda avropalıların qarşıdakı 4 il üçün 50 milyard – ilə 12,5 milyard avro ayırmağı nəzərdə tutmalarının cəbhə xəttində heç nəyi dəyişməyəcəyi gerçəyini təkcə Zelenski yox, artıq içərisinə dərin çat düşmüş komandası, elə sadə ukraynalı da çox yaxşı anlayır.
Üstəlik, prezident Zelenskiylə Ukrayna Silahlı Qüvvələrinin xalq tərəfindən sevilən komandanı Zalujnı arasında münasibətlərin getdikcə kəskinləşməsi, indiyədək gizlədilən, ört-basdır edilən komandadaxili ziddiyyətlərin artıq mətbuat səhifələrinə daşınması və rəsmi təsdiqi 2023-cü ilin iyunun 4-dən başlanan və iflasla bitən uğuruz əks-hücum qədər Ukrayna cəmiyyətinin əhvalına mənfi təsir göstərib.
Xüsusilə də cəbhə xəttində böyük itkilərlə müşayiət olunan acı gerçəklərin üzə çıxması indiyədək büsbütün yalan və şişirdilmiş rəqəmlər üzərində qurulmuş və bütün dünya boyu aparılan Qərb təbliğatını ifşa etməklə yanaşı, Ukrayna cəmiyyətinin özündə də çox böyük məyusluq və qəzəb hissi yaradır.
Bu hal son 5 ayda Ukrayna əhalisinin müharibəni davam etdirməyə əvvəlkitək həvəsli olmamasında, orduya çağırışdan kütləvi halda yayınma faktlarında, xaricə qeyri-leqal yollarla köçün sürətlənməsində və xaricdəki ukraynalıların öz vətənlərinin müdafiəsinə dönmək istəməmələrində özünü aydınca göstərir.
Ötən ilin avqustunda Polşa Sərhəd Xidmətinin açıqladığı rəsmi rəqəmlər Ukraynadan köçün fəlakətli miqyası və Ukrayna ordusunun mövcud insan ehtiyatları barədə real təsəvvür yaradır.
Diqqət yetirin: Rusiya-Ukrayna savaşı başlayandan 2023-cü ilin avqustun 1-dək təkcə bir ölkəyə – Polşaya 14 milyon 182 min nəfər ukraynalı keçib! Onun 12 milyon 399 min nəfəri Polşanı tərk edərək digər Avropa ölkələrinə gedib, 2 milyon nəfərə yaxını isə Polşada qalıb!
Təkrar edirik: bu, yalnız 1 ölkə sərhədini keçən ukraynalıların sayıdır! Ukraynanın isə 6 ölkəylə quru sərhədi var!
Şübhəsiz ki, insan resursunun çatışmazlğı 2 illik ağır savaş boyunca döyüşqabiliyyətli Ordusunun əhəmiyyətli hissəsini və texnikasını, xüsusən də zabit heyətini itirmiş Ukrayna Silahlı Qüvvələrinin nəinki qısa müddət ərzində özünübərpasını çətinləşdirir, onun qarşıdakı mərhələdə uğurlu hücum və müdafiə imkanlarını da xeyli məhdudlaşdırır.
Nəzərə alsaq ki, hazırda Ukrayna cəbhəsində - təxminən, 2 min kilometrlik xətt boyunca Rusiya Ordusunun 617 min nəfərlik şəxsi heyəti yerləşib, deməli, Ukraynanın gələcək hücumları üçün minimum 1 milyon 800 min nəfərlik Ordu formalaşdırmasına ehtiyacı var.
Son 2 ildə ABŞ və Avropa tərəfindən qızışdırılaraq Rusiyaya qalib gələcəyi əhvalına köklənmiş və itkilərinə soyuqqanlı yanaşan Ukraynanın isə nəinki bu qədər hərbçi resursu yoxdur, üstəlik, dünənədək bu savaşa öz evini qorumaq hissiylə yanaşan əzmkar və döyüşkən Ukrayna xalqı elə öz rəhbərliyinin əliylə aldadıldığının, daha çox itirdiyinin fərqindədir: indi onlar hamıdan daha yaxşı dərk edirlər ki, bu, ukraynalıların azadlıq savaşı yox, ABŞ-ın Putin Rusiyasını zəiflətmək, NATO-nu parçalanmaqdan xilas etmək, Avropanı öz çətiri altında qoruyub saxlamaq üçün Ukraynadan istifadə etdiyi və sonda da qurban verdiyi bir əməliyyatdır; müharibənin də taleyini ukraynalılar yox, amerikalılar həll edir!
Tarix sübut edir ki, özünün olmayan savaşda qalib gəlmək əzmi və iradəsi heç vaxt öz savaşıntək olmur!
Ukrayna indi özünün olmayan savaşın ağrılarını öz içərisinə daşıyır və bu, addım-addım onu uğursuzluğun məsuliyyət axtarışlarına itələyərək, vətəndaş qarşıdurmasına, parçalanmaya və çevrilişə aparır...
 
Elxan Şükürlü