Vəkil Elçin Sadıqovun müvəkkili ilə görüşünə əngəl yaradılıb.
Vəkil "Facebook” hesabında yazıb ki, yanvarın 14-də Salyan Rayon Polis İdarəsi onu ötən həftə həbs olunan AXCP üzvləri Əlizamin Salayev və Tariyel Məlikzadə ilə görüşə buraxmayıb. O, 4 saat gözlədilib, Ombudsman Aparatının müdaxiləsi nəticəsində həbs edilənlərlə görüşə bilib:
"4 saatdan artıqdır ki, Salyan Rayon Polis Şöbəsinin qarşısında gözləyirəm. Rəisi müvəqqəti əvəz edən Asəf Əhmədov bildirir ki, DİN-ə məruzə edib cavab gözləyir, cavab gəlməsə, görüşə icazə verməyəcək. Mən daxili işlər naziri cənab Ramil Usubovun qəbul otağına nə qədər zəng etsəm də, zənglərə cavab verilmədi. Polis başa düşmək istəmir ki, vəkilin müdafiə etdiyi şəxslə görüşməsi üçün nazirlikdən icazə almaq lazım deyil. Ombudsman Aparatına zəng edib şikayətimi bildirəndən sonra saxlanılan şəxslərlə görüşdüm”.
Yanvarın 10-da Salyan rayonunda bir qrup AXCP üzvü bloger Mehman Hüseynovun müdafiəsi məqsədi ilə aksiya keçirib. Aksiyada iştirak edən cəbhəçi Əlizamin Salayevin 17 yaşlı oğlu Murad Salayev əvvəl polis tərəfindən saxlanılsa da, sonradan sərbəst buraxılıb.
Amma yerli məhkəmənin qərarı ilə Əlizamin Salayev 25 sutka, digər aksiya iştiraçısı Tariyel Məlikzadə isə 20 sutka inzibati cəza alıb. Onlar İnzibati Xətalar Məcəlləsinin (İXM) 513.1 (Yığıncaqların, mitinqlərin, nümayişlərin, küçə yürüşlərinin və piketlərin təşkilinin və keçirilməsinin "Sərbəst toplaşmaq azadlığı haqqında”) maddəsi ilə ittiham ediliblər.
Salyan Rayon Polis İdarəsində Elçin Sadıqova maneə yaradıblar
Oxşar xəbərlər