Müxalifət Sara Netanyahuya 24 saat möhlət verdi

İsrail Baş naziri Benyamin Netanyahunun həyat yoldaşı Sara Netanyahu ölkədə 27 oktyabrda keçiriləcək gərgin seçkilər ərəfəsində qalmaqallı bəyanatla çıxış edib. Hökumətə yaxınlığı ilə tanınan “Kanal 14” televiziya kanalında yayımlanan müsahibəsində S. Netanyahu mərkəz-sol Demokratlar Partiyasının lideri və keçmiş Baş Qərargah rəisinin müavini Yair Qolanın 7 oktyabr 2023-cü il HƏMAS hücumundan öncədən xəbərdar olduğunu iddia edib.

Sara Netanyahu bildirib ki, həmin gün Baş nazir də daxil olmaqla heç kimin xəbəri olmadığı halda, Yair Qolan sübh tezdən artıq geyinib hazır vəziyyətdə gözləyirmiş. Qeyd edək ki, HƏMAS-ın hücumu günü “Nova” musiqi festivalı ərazisinə gedərək mülki şəxsləri xilas etməyə çalışmışdı.

Səsləndirilən iddialar İsrail müxalifətinin kəskin etirazına səbəb olub. Yair Qolan iddiaları yalan adlandıraraq Sara Netanyahuya 24 saat vaxt verib. O, Baş nazirin həyat yoldaşının üzr istəməyəcəyi və 830 min dollar təzminat ödəməyəcəyi təqdirdə məhkəməyə müraciət edəcəyini bəyan edib. Qolan bu təzminatın “Nova” festivalı qurbanlarına bağışlanacağını vurğulayıb. Demokratlar Partiyası da Saranın iddialarını  “iyrənc və aldadıcı” adlandıraraq kəskin şəkildə pisləyib. Müxalifətin əsas simalarından olan keçmiş Baş Qərargah rəisi Qadi Eysenkot Sara Netanyahunun bu iddiasını  “ağılsız qəsd nəzəriyyəsi” kimi qiymətləndirib və bunun yalnız nifrəti alovlandırmağa, Netanyahunun hakimiyyətini qoruyub saxlamağa xidmət etdiyini bildirib.