Mustafa Hacıbəyli: Siyasi sifarişlə altı aydır təqib olunuram

''Ali təhsili olmayan üç qadını ortaya çıxartdılar ki, guya bizim saytdakı məqalələrdən narahat olublar''

Bakı Ağır Cinayətlər Məhkəməsində "basta.info" saytının baş redaktoru Mustafa Hacıbəylinin işi üzrə məhkəmə prosesi başlayıb. Yanvarın 11-də hakim Səbuhi Hüseynovun sədrliyilə məhkəmənin hazırlıq iclası keçirilib.

Gəncə hadisələri vaxtı dövlət əleyhinə çağırışlarda ittiham olunan M.Hacıbəyli cinayət işinin əsassız olduğunu vurğulayaraq, cinayət işinə xitam verilməsi barədə vəsatət qaldırıb. O bildirib ki, haqqındakı cinayət işi sifarişlidir:

"Mənə qarşı irəli sürülmüş ittihamlar "basta.info" saytında yayımlanmış iki məqalə ilə bağlıdır. Məqalələrdən biri öncə "Turan" informasiya agentliyində yayımlanmış məqalə olub. Məqalələrdə cəmiyyətdəki neqativ yanaşmalardan bəhs olunur. Bu iş sifarişlidir. Altı aydır mən siyasi sifarişlə təqib olunuram. Mənimlə bağlı kriminal tapmağa çalışdılar, alınmadı. Bundan sonra ali təhsili olmayan üç qadını ortaya çıxartdılar ki, guya bizim saytdakı məqalələrdən narahat olublar. Qəribədir ki, üçü də eyni rayondandır - Xəzər rayonundan. Bu işin qondarma olduğunu görmək üçün heç hüquqşünas olmağa ehtiyac yoxdur".

Vəkil Osman Kazımov da cinayət işinə xitam verilməsi barədə vəsatət qaldırıb. Bildirib ki, istintaqın sonunda Baş prokurorun birinci müavini Rüstəm Usubova, Bakı şəhər prokuroruna bu barədə vəsatətlər göndərilmişdi. Lakin onlara heç bir əsaslı cavab verilməyib:

"O qadınlar hər gün “basta.info” oxuyurdular? Narahat olub neyləyiblər? Biri boşanmış, ikisi ailəli, heç yerdə işləməyən qadınlardır. Ac insanlardan bu cür əməllər üçün istifadə edirlər".

O.Kazımov bildirib ki, cinayət işində bəhs olunan məqalələr faydalı yazılardır.

Məhkəmə cinayət işinə xitam verilməsi barədə vəsatəti təmin etməyib.

Məhkəmə iclası 22 yanvara təyin olunub.

Baş Prokurorluq Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı 2018-ci il iyulun 3-də törədilmiş sui-qəsdlə əlaqədar bəzi informasiya resursları haqqında hüquqi tədbirlərin görüldüyünü bildirmişdi.

Cinayət Məcəlləsinin 214-2-ci (terrorçuluğa açıq çağırışlar), 281.1-ci (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 313-cü (vəzifəli şəxsin informasiya resurslarına bilə-bilə yalan məlumatlar daxil etməsi) maddələri ilə cinayət işi başlandığı vurğulanırdı.

M.Hacıbəyli Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar), 309.2 (vəzifə səlahiyyətlərini aşma) və 313 (vəzifə saxtakarlığı) maddələri ilə ittiham olunur. Məhkəmə ittihamları təsdiqləsə, M.Hacıbəyli 8 ilədək azadlıqdan məhrum edilə bilər.

M.Hacıbəyli ittihamları rədd edir. Bildirir ki, rəhbərlik etdiyi saytdakı yazılarda dövlət əleyhinə çağırışlardan söhbət gedə bilməz.