Redaktorun məhkəməsi başlayır

Bastainfo.com saytının baş redaktoru, Müsavat Partiyası mətbuat xidmətinin rəhbəri Mustafa Hacıbəylinin mühakiməsi yanvarın 11-də başlayır. Həmin gün saat 9:30-dan Bakı Ağır Cinayətlər Məhkəməsində hazırlıq iclası keçiriləcək.
 
2018-ci il noyabrın 30-da Bakı Şəhər Prokurorluğu Mustafa Hacıbəyliyə dövlət əleyhinə çağırışlar, vəzifə səlahiyyətlərini aşma və vəzifə saxtakarlığı ittihamları irəli sürüb. Dekabr ayının sonunda Mustafa Hacıbəyli polis nəzarətinə götürülüb.
 
Ötən il iyulun 3-də Rusiya vətəndaşı Yunis Səfərov Gəncədə icra hakimiyyətinin başçısını odlu silahla öldürməyə cəhd göstərib. Hadisə zamanı başçı və bir polis əməkdaşı yaralanıb. Baş Prokurorluq 2018-ci il iyulun 8-də açıqlama yayaraq qeyd edib ki, bəzi kütləvi informasiya vasitələrinin vəzifəli şəxsləri, həmçinin ayrı-ayrı şəxslər internet informasiya resurslarında Gəncədəki terror aktı ilə əlaqədar həqiqətə uyğun olmayan təxribat xarakterli məlumatlar yayıb. İddiaya əsasən, həmin məlumatlara ictimai rəyi çaşdırmaq, ictimai-siyasi sabitliyi pozmaq, terrorçuluğu dəstəkləyən, vətəndaşlar arasında dövlətin həyata keçirdiyi tədbirlərə inamsızlıq yaratmaq, cinayətkarlığa qarşı mübarizə sahəsində görülən işlərin üzərinə kölgə salmaq məqsədi ilə bilə-bilə yalan məlumatlar, eləcə də yayılması qanunla qadağan edilən informasiyalar daxil edilərək terrorçuluğa və hakimiyyətin zorla ələ keçirilməsinə və Azərbaycan Respublikasının konstitusiya quruluşunun zorla dəyişdirilməsinə yönələn açıq çağırışlar edilib.
 
Açıqlamada Bastainfo.com saytının da adı hallanıb. Sayt bloklanıb, baş redaktor Mustafa Hacıbəyli Bakı Şəhər Prokurorluğunun bir neçə media orqanına qarşı qaldırdığı cinayət işinə cəlb olunub.
 
Mustafa Hacıbəyli Qarabağ müharibəsi veteranı, III qrup əlildir. İndiki Dövlət İdarəçilik Akademiyasını bitirib, Şərqi Avropada Demokratiyanın İnkişafı İnstitutunun layihəsi əsasında Polşada jurnalistika sahəsi üzrə ixtisaslaşıb. "525-ci qəzet”də, "Yeni Müsavat” qəzetində çalışıb, "Demokrat” qəzetinin baş redaktoru olub. Bastainfo.com saytını 2015-ci ildə yaradıb.
 
Novator.az