Müsavat Partiyası seçkilərin nəticələrinin ləğv edilməsini tələb edir

Azərbaycanın aparıcı müxalifət partiyası olan Müsavat Partiyası növbədənkənar prezident seçkilərinin nəticələrinin ləğv olunmasına çağıraraq, ölkədə demokratik və ədalətli seçkilərin keçirilməsini tələb edib.

"Müsavat Partiyası 2024-cü il 7 fevral tarixində keçirilən növbədənkənar prezidenti seçkilərinin nəticələrinin ləğv edilməsini, Azərbaycan xalqının azad iradəsini əks etdirən və beynəlxalq standartlara cavab verən, demokratik seçkilər vasitəsilə prezident seçkilərinin keçirilməsini tələb edir. Növbədənkənar prezidenti seçkiləri azad və ədalətli olmayıb", Müsavat Partiyasının növbədənkənar prezident seçkiləri ilə bağlı ilkin rəyində deyilir.

Sənəddə bildirlir ki, seçkilər son illərdə ölkədə keçirilən digər seçkilərdə olduğu kimi BMT, ATƏT və digər nüfuzlu qurumlar qarşısında götürülən öhdəliklərə cavab verməyib.

“Müsavat Partiyası növbədənkənar prezident seçkilərini azad və ədalətli olmayan, qeyri-demokratik, xalqın azad iradəsinin ifadəsini əks etdirməyən seçkilər hesab edir”, ilkin rəydə qeyd edilir.

Müsavat Partiyası hesab edir ki, seçki kampaniyası dövründə bərabər rəqabət şəraitinin yaradılması üçün irəli sürdüyü bu təklifləri cavabsız qalıb.

“Tam əksinə olaraq növbədənkənar seçkilər təyin olunduqdan sonra da siyasi opponentlərə qarşı təqiblər, siyasi motivli həbslər davam edib”, ilkin rəydə bildirilir.

Müsavat Partiyası növbədənkənar prezident seçkilərində iştirak etməmək barədə qərar qəbul edib.

“7 fevral tarixinə təyin olunan növbədənkənar prezident seçkiləri hər hansı siyasi zərurət olmadan qərarlaşdırılıb. Bu barədə Azərbaycan prezidenti adından verilən 7 dekabr 2023-cü il tarixli sərəncamın Azərbaycan Respublikasının Konstitusiyasına uyğun hər hansı hüquqi əsasları yoxdur. Belə ki, Konstitusiyada fövqəladə, ümummilli əhəmiyyətli növbədənkənar prezident seçkilərinin keçirilməsi üçün konkret hüquqi əsas və ya səbəb göstərilməyib. Bu qərar faktiki olaraq ölkə rəhbəri İlham Əliyevin 5-ci dəfə prezident olması üçün rəqabətsiz şərait yaradılmasına xidmət edib”, partiyanın rəyində qeyd edilir.

Müsavat Partiyası bildirir ki, ölkədə vətəndaşların sərbəst toplaşmaq hüququ demək olar ki, ləğv edilib.

“Siyasi məhbuslar problemi nəinki həll edilməyib, əksinə, onların sayı artaraq 200 nəfəri keçib”, sənəddə qeyd edilir.

Sənəddə siyasi partiyalar və media haqqında qəbul edilmiş qanunların “mürtəce xarakter” daşıdğı deyilir.

“Müstəqil mətbuat əsasən sıradan çıxarılıb. Ölkədə fəaliyyət göstərən bütün televiziya kanalları tamamilə hakimiyyətin nəzarəti altındadır, müstəqil və müxalifət qəzetləri yoxdur, müxalif yönlü saytlar bloklanmaqda davam edir. Müxalifətə informasiya dəstəyi verən saytlara qarşı polis və prokurorluğun təzyiqləri davam edir. Seçkilər ərəfəsində 10-dan cox jurnalist qanunsuz olaraq həbs edilib. Seçki qanunvericiliyində demokratik islahatların aparılması ilə bağlı irəli sürülən təkliflər, o cümlədən beynəlxalq təşkilatların tövsiyyələri yerinə yetirilməyib. Bunun nəticəsində MSK da daxil olmaqla, bütün seçki komissiyaları və oradakı vəzifələr faktiki olaraq həlledici səs çoxluğu ilə hakimiyyətin nəzarəti altında qalıb”, sənəddə bildirilir.

Müsavat Partiyası hesab edir ki, seçici siyahıları ciddi qüsurlarla tərtib edilib.

“Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə ölkədə 7,5 milyona yaxın seçici yaşında vətəndaşın olması barədə məlumatla seçici siyahılarında olan seçicicilərin sayını müqayisə edərkən aydın olur ki, bir milyondan artıq seçicinin adı seçici siyahılarına daxil edilməyib.

Seçki kampaniyası dövründə namizədlərin əksəriyyəti öz platformalarını elektorata çatdırmayıb, kütləvi görüşlər keçirilməyib, vəd verməyib, ümumiyyətlə təbliğat kampaniyası aparılmayıb.

Seçki günü aparılan müşahidələr zamanı seçicilərin böyük əksəriyyətinin səsvermə məntəqələrinə getmədiyi, karusel əməliyyatı vasitəsi ilə seçici qruplarının müxtəlif məntəqələrdə dəfələrlə səs verməsinə şərait yaradılması, seçki qutularına topa halında seçki bülletenlərinin atılması kimi pozuntular aşkar edilib”, ilkin rəydə qeyd edilir.

Azərbaycanın Mərkəzi Seçki Komissiyası ölkədə seçki mühitinin demokratik tələblərə tam cavab verdiyini, azad, ədalətli, demokratik seçki keçirilməsi hər cür şərait yaradıldığını bildirir. MSK həmçinin səsvermə zamanı pozuntularla bağlı deyilənləri təkzib edib.

Rəsmi Bakı Azərbaycanda iradəsinə görə insanların təqib edilmədiyini, qanunvericilik qarşısında bərabər olduğunu bəyan edib.

 

Amerikanın Səsi