Mebel sexindəki partlayışla bağlı iki nəfər həbs edilib

Yanvarın 15-də paytaxtın Binəqədi rayonunda yerləşən mebel sexində 10 nəfərin ölümü, 23 nəfərin xəsarət alması ilə nəticələnən partlayış-yanğınla bağlı 2 vəzifəli şəxs həbs olunub.

Operativtv.com Toplum TV-yə istinadən xəbər verir ki, bu barədə yanvarın 30-da Baş Prokurorluğun Mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, ilkin istintaq tədbirləri nəticəsində onların qanunsuz əməlləri aşkar olunub. 

"Partlayış taxta materialların emalı zamanı yaranmış taxta tozunun və kimyəvi tərkibli materialların buxar qarışığının təmizlənməməsi səbəbindən minimum konsentrasiya limitinin aşılması nəticəsində baş verib", - açıqlamada qeyd olunub.

“Bakı Ağac Emalı” Açıq Səhmdar Cəmiyyətinin sahibi Tağı İbrahimov və şirkəti idarə edən Toğrul Rzayev hadisənin əsas səbəbkarları kimi göstərilib. Onların işlərinə səhlənkar yanaşdıqları və yanğın təhlükəsizliyi qaydalarını düzgün təşkil etmədikləri irəli sürülüb.

İş üzrə Tağı İbrahimov Cinayət Məcəlləsinin ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olmaqla səhlənkarlıq, Toğrul Rzayev isə ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olmaqla yanğın təhlükəsizliyi qaydalarını pozma maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Hər iki vəzifəli şəxs barəsində həbs qətimkan tədbiri seçilib.