MBH üzvü Rövşən Əliyev saxlanılıb

Müsəlman Birliyi Hərəkatının üzvü, ictimai fəal Rövşən Əliyev saxlanılıb. Bu barədə məlumatı onun ailəsi bildirib. Təxminən saat 15-radələrində azyaşlı oğlu ilə şəxsi avtomobilidə olan Rövşən Əliyevə mülki geyimli bir neçə şəxs yaxınlaşıb. Şəxslər Rövşəndən onlarla bərabər getməyi tələb ediblər. O isə öz növbəsində uşağını evə buraxmağı xahiş edib. Bundan sonra mülki geyimlilərin müşayəti altında o, oğlunu yaşadığı evin qarşısına qədər gətirə bilib. Ardınca avtomobilini də qapıda buraxaraq Rövşən, mülki geyimlilər tərəfindən aparılıb. Hələlik onun haqqında hər hansı bir xəbər almaq mümkün olmayıb.

Son məlumata görə saat 17-radələrində 14-cü polis bölməsindən bir neçə polis işçisi Rövşənin yaşadığ evə gəliblər. Evdə axtarış aparan polislər gedərkən Rövşənə aid mobil telefon və ailə şəkillərinin saxlandığı flaş kartı da özləri ilə aparıblar.   

Rövşən Əliyev “20 yanvar yürüşü” zamanı saxlanılan 6 hərəkat üzvündən biridir. Yürüş zamanı saxlanılan hərəkat üzvləri 30 sutka inzibatı cəza almışdılar. Son həbslər dönəmində 6 şəxsdən 2-si, Qarabağ Qazisi Alik Aslanov və Mayıl Kərimov məlum 234.4.3-cü (satış məqsədilə külli miqdarda narkotik maddə əldə etmə, saxlama) maddə ilə saxlanılmışdılar. Bu gün isə bu sırada yer alan 3-cü şəxs, Rövşən Əliyev də saxlanılıb.  

Xatırladaq ki, ötən ilin oktyabrından günümüzə qədər 34 MBH üzvü saxlanılıb. Onların hər biri barəsində 234.3.4-cü maddə ilə cinayət işi açılıb. Ümumilikdə bu bir neçə ay ərzində saxlanılan inanclıları sayı bir neçə yüzü ötdüyü bildirilir.