Mahir Əzimovun Apellyasiya şikayətinə baxılır

Avqustun 25-də Bakı Apellyasiya Məhkəməsində MBH üzvü Mahir Əzimovun məhkəməsi keçirilib. Hakim Habil Məmmədovun sədrliyi ilə baş tutan iclas işlə tanışlıq xarakter daşıyıb. Belə ki, məhkəmə iyulun 8-də Bakı Ağır Cinayətlər Məhkəməsinin Mahir Əzimov barəsində çıxardığı 4 il azadlıqdan məhrum etmə cəzasından verilən apellyasiya şikayətinə baxır. Müdafiə tərəfi olaraq Mahir Əzimovun hüquqlarını zibeydı Sadiqova müdafiə edir.

 Məhkəmə növbəti iclası avqustun 30-u saat 12:30-a təyin edib.

Xatırladaq ki, Mahir Əzimov ötən ilin iyulunda Suraxanı rayon Polis İdarəsinin 33-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 (Satış məqsədilə külli miqdarda narkotik vasitə əldə etmə) maddəsiylə ittiham irəli sürülüb.  Bu iş üzrə 4 məhkəmə iclası keçirilib. İki şahid dindirilib, hər ikisi Mahir Əzimovun saxlanılmasında iştirak etmiş polis əməkdaşları olub.

Mahir Əzimov məhkəmə ifadəsində göstərib ki, narkotiklə şərlənib. Saxlanılan zaman ona bildiriblər ki, ya Müsəlman Birliyi Hərəkatından tamam uzaqlaşmalı, ya da narkotik ittihamını qəbul edib həbs olunmalıdır. Əzimovun dediyinə görə bir çox etirazlardan sonra o, MBH-dən heç zaman ayrılmayacağını bildirib. Bundan sonra o, külli miqdarda narkotik maddələrdən istifadə, satma maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunub.