Kamboca Tailandın hərbi bazasını atəşə tutub, ölən və yaralananlar var

Kamboca ordusunun Tailand ərazisindəki Anuponq hərbi bazasına hücumu nəticəsində 1 hərbçi həlak olub, daha 2 nəfər isə yaralanıb.

Bu barədə “Khaosod” portalı Tailand ordusunun nümayəndəsinə istinadən məlumat yayıb.

Rəsmi açıqlamaya görə, hücumdan sonra aparılan operativ qiymətləndirmə Kamboca tərəfinin sərhəd boyunca aktiv hərbi hərəkətlərə başladığını göstərib.

Bildirilib ki, bu fəaliyyətlər sərhəd zonasındakı gərginliyin daha da artmasına və hərbi əməliyyatların genişlənməsinə yol aça bilər.

Hadisəyə cavab olaraq Tailand Hərbi Hava Qüvvələri F-16 qırıcılarını havaya qaldırıb.

“Hərbi Hava Qüvvələri ölkənin suverenliyi, müstəqilliyi və vətəndaşların təhlükəsizliyinə yönəlmiş təhdidlərə cavab vermək üçün məsuliyyətlə hava əməliyyatları həyata keçirəcək”, - Tailand ordusunun açıqlamasında deyilir.