Jurnalistəri Müdafiə Komitəsi Azərbaycanda jurnalistlərin həbs müddətinin uzadılmasını pisləyib

Son həftələrdə Azərbaycan hakimiyyəti ölkədə qalan bir neçə müstəqil KİV-in daim sıxışdırılması çərçivəsində 11 jurnalistin ilkin həbs müddətini uzadıb. Bu barədə Nyu-Yorkda yerləşən  Jurnalistəri Müdafiə Komitəsinin bəyanatında deyilir.

Bu jurnalistlər noyabrdan bəri Qərb donorlarından maliyyələşmə almaqla əlaqədar valyuta qaçaqmalçılığında ittiham edilən dörd müstəqil nəşrin 13 KİV işçisi arasındadır. İttihamlar Azərbaycan ilə Qərb arasında münasibətlərin pisləşməsi və ölkənin noyabrda COP29 iqlim konfransına hazırlaşması fonunda irəli sürülüb, Komitə qeyd edib.

"Azərbaycan jurnalistləri susdurmaq və qorxutmaq üçün həbs və səfər qadağalarından istifadə etməyə son qoymalıdır", - Komitənin Nyu-Yorkdakı proqramlarının direktoru Karlos Martines de la Serna deyib. "Hakimiyyət bütün ittihamları və hərəkət məhdudiyyətlərini aradan qaldırmalı, hələ də həbsdə olanları dərhal azad etməlidir", - o əlavə edib. Komitə iyunun 10-dan ilkin həbs müddətinin uzadıldığı jurnalistlərin siyahısını təqdim edir.

- Araşdırmaçı jurnalist Hafiz Babalı (iki ay, bir həftə uzadılıb, 9 iyul);

- “Toplum” TV-nin  videoredaktoru Müşfiq Cabbar (üç ay uzadılıb, 4 iyul)

- “Toplum” TV-nin təsisçisi Ələsgər Məmmədli (üç ay uzadlıb, 3 iyul)

- “Kanal 13”ün direktoru Əziz Orucov (üç ay, 25 iyun)

- “Kanal 13”ün jurnalisti Şamo Eminov (üç ay, 25 iyun)

- “Meclis.info” saytının təsisçisi İmran Əliyev (iki ay uzadlıb, 13 iyun);

- “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı və layihə meneceri Məhəmməd Kekalov (üç ay uzadılıb, 12 iyun);

- “Abzas Media”nın jurnalist Nərgiz Absalamova (üç ay uzadılıb, 11 iyun);

- “Abzas Media”nın jurnalisti Elnarə Qasımova (iki ay uzadılıb, 10 iyun).

Hakimiyyət Məmmədlinin qalxanabənzər vəz xərçəngi şübhəsilə əlaqədar əlavə müayinələrdən keçə bilməsi üçün ev dustaqlığına buraxılması ilə bağlı vəkillərin çoxsaylı vəsatətlərini rədd edib. Qohumlarının dediklərinə görə, polis nəzarətində olduğu müddətdə tibbi müayinə tam aparılmadığı üçün Məmmədli  Birləşmiş Millətlər Təşkilatı İnsan Hüquqları Şurasına şikayət verib.

“Toplum” TV-nin jurnalistləri Fərid İsmayılov və Elmir Abbasov məhkəməyə qədər ölkədən çıxmamaq barədə iltizam ilə azad ediliblər.

Bütün jurnalistlər Azərbaycan Cinayət Məcəlləsinin 206.3.2-ci maddəsilə təqsirli bilinərsə, onları səkkiz ilədək həbs təhlükəsi gözləyir. Azərbaycan qanunvericiliyi xarici qrantların rəsmi təsdiqini tələb edir ki, bundan da müntəzəm imtina edirlər. Hakimiyyət daxili maliyyə mənbələrini sıxışdırmaq üçün reklam verənlərə təzyiq göstərir.

İyulun 5-də polis “Arqument.az” müstəqil xəbər portalının  rəhbəri və “Toplum” TV-nin keçmiş jurnalisti Şəmşad Ağanı “Toplum TV işi” üzrə ayrıca dindirib və ona bildirib ki, ölkədən çıxışına  qadağa qoyulub, jurnalist yerli KİV-ə bildirib. Komitə ən azı 20 digər jurnalistin də ölkədən çıxışına qadağa qoyulmasının və bəzilərinin bank hesablarının dondurulmasının  mümkünlüyü ilə bağlı xəbərləri araşdırır.

Fevralda beşinci müddətə prezident seçilən Azərbaycan prezidenti İlham Əliyev həbslərlə bağlı tənqidləri qəbul etməyərək bildirib ki, Azərbaycan “[öz] media mühitini xarici mənfi təsirdən qorumalıdır". Onun sözlərinə görə,  "xaricdən qanunsuz maliyyə alan" KİV nümayəndələri isə qanun çərçivəsində həbs ediliblər.

Komitə Daxili İşlər Nazirliyinə elektron məktub göndərərək məhkəmədən əvvəl həbs müddətinin uzadılması və səfər qadağasını şərh etməyi xahiş edib. Həmçinin Ələsgər Məmmədlinin tibbi müayinəsini şərh etməsi xahişilə  Penitensiar Xidmətə müraciət edib, lakin heç bir cavab almayıb.

 

Turan.az