Jurnalist Cəmil Məmmədliyə qarşı cinayət işi açılıb

Operativtv.com Turana istinadən xəbər verir ki, Xaçmaz rayonunda çalışan jurnalist-frilanser Cəmil Məmmədliyə qarşı cinayət işi açılıb. Bu barədə Turana Məmmədli özü bildirib.

Cinayət araşdırmasına dekabrın 15-də Xaçmazda Məmmədlinin olduğu avtomobilin digər avtomobillə toqquşması səbəb olub.

“Məsələ aydınlaşdırılan zamanı biz digər avtomobilin sürücüsü ilə nəzakətli davrandıq. Lakin o, davaya təhrik etdi və mən özümü müdafiə etməli oldum”, - Məmmədli deyib.

Eyni zamanda hadisə yerində olan polislər müdaxilə etməyiblər. “Dava başlayanda onlar bunu videoaya çəkməyə başladılar”, - Məmmədli deyib. Beş gün sonra o, cinayət işinin açılmasından xəbər tutub.

“Fakt üzrə Cinayət Məcəlləsinin 221.2-ci maddəsilə (xuliqanlıq, bir qrup şəxs tərəfindən törədildikdə) açılıb. Yanvarın 16-da məni ittiham irəli sürmək üçün Xaçmaz rayon polis şöbəsinə çağırdılar. Lakin vəkilim rayonda olmadığı üçün bu gün gəlməyimi istədilər.

Bu gün Daxili İşlər Nazirliyinə müraciət etmək üçün Bakıya gəldim, ancaq məni qəbul etmirlər”, - Məmmədli deyib.

O hesab edir ki, ona qarşı təxribat törədilib və bunun arxasında Quba rayon icra başçısı dayanır. Əvvəllər onun iddiası üzrə islah işlərinə məhkum edilib.

“2021-ci ildə mənim həbsimə nail olmaq istədi, o zaman alınmadı, indi də işi saxtalaşdırıblar”, - Məmmədli deyib.

Daxili İşlər Nazirliyinin mətbuat xidməti faktla bağlı Xaçmaz polisində araşdırma aparıldığını Turan-a təsdiqləyib.

Cəmil Məmmədlini 3 ilədək azadlıqdan məhrumolunma təhlükəsi gözləyir.