İƏT əl-Əqsa məscidinin İsrail tərəfindən təhqir edilməsilə bağlı xəbərdarlıq edib

Dünən axşam İslam Əməkdaşlıq Təşkilatı Əl-Əqsa məscidinə davam edən basqınların mənfi nəticələri barədə xəbərdarlıq edib.

Operativtv.com SalamNews-a istinadən xəbər verir ki, bu barədə təşkilatın İcraiyyə Komitəsinin İsrailin Əl-Əqsa məscidinə basqınlarını müzakirə etmək üçün keçirdiyi fövqəladə iclasın yekun bəyanatında deyilir.

Qurumun rəsmi internet saytında dərc olunan bəyanatda 2023-cü il yanvarın 3-də İsrailin “ekstremist” milli təhlükəsizlik naziri İtamar Ben-Qvirin Məscidül-Əqsaya basqın etməsi ən sərt şəkildə pislənilib.

“Bütün dünyada müsəlmanların hisslərinə toxunan bu təhlükəli təxribat, həm də beynəlxalq hüquq və Birləşmiş Millətlər Təşkilatının qətnamələrinin pozulmasıdır”, deyə bəyanatda bildirilib.

İslam Əməkdaşlıq Təşkilatı BMT Təhlükəsizlik Şurasını İsrailin baş verənlərə görə məsuliyyət daşıdığını, Təl-Əvivin təhrikedici addımalrının qarşısını almaq, pisləmək və dayandırmaq üçün təcili tədbirlər görməyə çağırıb.