İsrail hakimiyyəti Fələstin ərazilərində fəaliyyət göstərən qeyri-hökumət təşkilatlarının (QHT) fəaliyyətinə qadağa qoyur.
Ötən ilin sonunda Qəzza zolağı, Qərb Sahili və Qüdsdə fəaliyyət göstərən 37 QHT İsrail hökumətindən bu barədə xəbərdarlıq alıb.
Onlara bildirilib ki, dekabrın 31-də qeydiyyat müddətləri bitir və yalnız mart ayına qədər fəaliyyət göstərə bilərlər, bundan sonra isə fəaliyyətlərinə qadağa qoyulacaq.
İsrailin Diasporla İşlər Nazirliyi yanvarın 6-da bu qadağanı ictimaiyyətə elan edərək bildirib ki, “təhlükəsizlik və şəffaflıq tələblərinə” cavab verməyən təşkilatların lisenziyaları dayandırılacaq.
Nazirlik, həmçinin, qadağanın “fələstinli əməkdaşlarının siyahısını təqdim etməkdən imtina edən” qurumlara da şamil ediləcəyini qeyd edib.
Bununla bağlı aralarında "Amnesty International" və "Sərhədsiz Həkimlər" də olan 50-dən çox beynəlxalq QHT bəyanat yayaraq qadağanı pisləyib, qərarın xüsusilə Qəzzada humanitar risk yaradacağını bildirib.
"Beynəlxalq QHT-lər donorlar tərəfindən müəyyən edilmiş ciddi uyğunluq çərçivələri əsasında fəaliyyət göstərir; bura auditlər, terrorçuluğun maliyyələşdirilməsinə qarşı nəzarət mexanizmləri və beynəlxalq standartlara cavab verən lazımi araşdırma tələbləri daxildir", - bəyanatda deyilir.
Onlar bildiriblər ki, QHT-lər həssas şəxsi məlumatları münaqişə tərəflərindən hər hansı birinə ötürə bilməz, çünki bu, humanitar prinsiplərin və məlumatların qorunması qaydalarının pozulması demək olardı.
Bəyanat müəllifləri xatırladıb ki, 2023-cü ilin oktyabrından, yəni İsrailin Qəzzanı bombalamağa başlamasından bu yana 500-dən çox humanitar işçi həlak olub.
İsrailin qadağaları Qəzzaya yardımı ciddi şəkildə məhdudlaşdıracaq