İrandan quş əti idxalına məhdudiyyət

İranın Tehran, Təbriz, Ərdəbil, Urmiya vilayətlərindən diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulub.
 
Qərarı bu gün, dekabrın 14-də Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) açıqlayıb.
 
Agentlik bu qərarı Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (ÜHST) məlumatına əsasən verib. Həmin qurum İranın sözügedən ərazilərində ev quşları arasında yüksək patogenli quş qripi xəstəliyinin yayılmasının müəyyən edildiyi barədə xəbərdarlıq yayıb.
 
«Bununla əlaqədar olaraq, İranın Tehran, Təbriz, Ərdəbil, Urmiya vilayətlərindən diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulması qərara alınıb», - Agentlik bildirir.
 
Agentlik habelə, İranın qeyd olunan vilayətlərindən gələn və ya həmin ərazilərdən tranzit keçən nəqliyyat vasitələrinin gömrük keçid məntəqələrində dezinfeksiya edilməsi ilə bağlı Azərbaycan Dövlət Gömrük Komitəsinə müraciət ünvanlayıb.