İran tərəfi hər iki şəxsi ən qısa vaxtda Azərbaycana təhvil verməlidir

“Radikal düşüncə və təfəkkürdə olanlar məscidlərimizdə vəzifələrdən uzaqlaşdırılmalıdır”. 

Operativtv.com Unikal-a istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Ceyhun Məmmədov deyib.

Onun sözlərinə görə, radikal dini təriqətlərə qarşı aparılan mübarizə eyni qaydada davam etdirilməlidir.

Deputat qeyd edib ki, bir neçə gündür mediada davamlı olaraq ölkəmizdə Kərimə dövləti qurmağa çağırış edən, Azərbaycan gənclərini bu məqsədlə təşkilatlanmağa, təxribatlar törətməyə təhrik edən iki şəxsin Tohid İbrahimbəyli və Orxan Məmmədovun həbsi ilə bağlı məlumatlar yayılmaqdadır:

"Onları əksəriyyət tanıyır. Bu da məlumdur ki, İranda oturub ölkəmizə qarşı davamlı təxribat xarakterli çıxışlar edənlər yalnız bu iki şəxs deyil. Onlarla belə şəxslər İranda bu cür fəaliyyətləri zaman-zaman davam etdirirlər. Bu əksər hallarda daha çox münasibətlər gərginləşəndə özünü büruzə verir. Düşünürəm münasibətlərin daha da normallaşdırılması, gələcəkdə belə fəaliyyətlərin davam etdirilməməsi üçün İran tərəfi hər iki şəxsi ən qısa vaxtda Azərbaycana təhvil verməlidir. Bu edilmədiyi və onlar azad olunduğu təqdirdə həmin şəxslər ölkələrimiz arasında münasibətlərin gərginləşməsinə və pozulmasına yönəlmiş fəaliyyətləri, Kərimə dövləti ilə bağlı çağırışları davam etdirəcəklər. Onu da qeyd edim ki, bütün bunlara paralel olaraq ölkə daxilində də radikal təriqətlərin, ölkəmizin həyata keçirdiyi siyasətə qarşı təbliğat aparan şəxslərin həbsi davam etdirilməlidir.

Əslində son günlər hüquq mühafizə orqanları bu istiqamətdə çox ciddi addımlar atmaqdadırlar. Ancaq bu da reallıqdır ki, onların sayı on minlərlərdir. Eyni zamanda, ölkəmizdə dini fəaliyyət sahəsində islahatlar sürətləndirilməlidir. Biz islahatlarda gecikməməliyik. Bu gün Azərbaycanın müstəqilliyi və suverenliyi üçün ən ciddi təhdidi siyasiləşmiş və radikal islam təşkil edir. Hələ də bir sıra bölgə və məscidlərimizdə bu təfəkkür və düşüncədə olan din xadimləri fəaliyyət göstərməkdədir. Bu çox ciddi məsələdir. Biz indidən bu istiqamətdə ciddi addımlar atmasaq, islahatlar həyata keçirməsək, gələcəkdə çox ciddi təhdidlərlə yenidən üz-üzə gələcəyik. Bunun üçün kompleks tədbirlərin həyata keçirilməsini davam etdirməliyik".