İqbal Əbilov: Özümü təqsirli bilmirəm

Avqustun 7-də Səbail Rayon Məhkəməsində Belarusdan Azərbaycana gələn Azərbaycan vətəndaşı, talış tarixinin tədqiqatçısı İqbal Əbilovun telefon danışıqlarına və ailə üzvləri ilə görüşə qoyulan qadağa ilə bağlı məhkəmə prosesi keçirilib. Bunu Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Təcridxanasında saxlanılan Əbilovun vəkili Rövşanə Rəhimli Amerikanın Səsinə bildirib. Vəkil bildirib ki, tədqiqatçı saxlanılma şəraitindən narazı deyil.

"Məhkəmə şikayətimizi təmin etmədi. O, özünü təqsirli bilmir və ona dəstək olan, onun təqsirsiz olduğuna inanan hər kəsə minnətdar olduğunu bildirdi. Dedi ki, onun məsələsinə ideoloji yox, insan hüquqları prizmasından yanaşıldığına görə çox sevinir", deyə vəkil bildirib.

Vəkil qərardan apellyasiya şikayəti verəcəklərini deyib.

İqbal Əbilov iyulun 22-də saxlanılıb. O, Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət), 281.3-cü (xarici təşkilatların və ya onların nümayəndələrinin göstərişi ilə dövlət əleyhinə yönələn açıq çağırışlar) və 283.1-ci (milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddələri ilə ittiham olunur.

Yaxınları hesab edir ki, İqbal Əbilov qondarma ittihamlarla saxlanılıb, onun təqib olunmasının səbəbi müxtəlif etnik azlıqlar, o cümlədən Azərbaycanda yaşayan talışlarla bağlı araşdırmalar aparmasıdır.

Əbilov 2010-cu ildə Riqada qeydiyyatdan keçmiş talış tədqiqatçıları qrupu "Talış Milli Akademiyası"nın təsisçilərindən biridir. Talış Milli Akademiyasının məqsədi talış dilini sosial-iqtisadi, tarixi, etnoqrafik, arxeoloji, ədəbi və linqvistik baxımdan öyrənmək və tədqiq etməkdir. İqbal Əbilov eyni zamanda "Talış Milli Akademiyası Xəbərləri"nin baş redaktorudur. Saytda talış folklor nümunələri, talışla bağlı nəşr olunmamış tarixi sənədlər və ilkin tədqiqatçıların əvvəllər nəşr olunmamış əsərləri dərc olunduğu qeyd edilib.

 

AmerikanınSəsi