İlahiyyatçı Süleyman Ələkbərova hökm oxundu

Avqustun 6-da Bakı Ağır Cinayətlər Məhkəməsi növbəti inanclı məhbusa hökm oxuyub. İlahiyyatçı Süleyman Ələkbərov son illərin şiə inanclılarını istisnasız narkotik maddə ilə şərləyən rejimin eyni adlı cinayətinə qurban olub.

Bakı Ağır Cinayətlər məhkəməsində baş tutan iclasda inanclının ittiham olunduğu maddə ilə bağlı tərəflərin təqdim etdiyi dəlil və sübutlara baxılıb. Müdafiə tərəfi Süleymanın inanclı, eyni halda din xadimi olması, sağlam həyat tərzi sürməsini misal göstərməklə yanaşı, məhkəmə dövrü üçün ittiham tərəfinin təqdim etdiyi sübutların da yetərli olmamasına diqqət çəkib.

İttiham tərəfi isə protokolda əsaslandırılan və məhkəmədə şahid qismində iştirak edən polislərin izahatları ilə inanclının ittiham aktında qeyd edilən maddədə cinayətinin sübutuna əsaslı dəlillər olduğunu söyləyərək Süleyman Ələkbərovu 7 il müddətinə azadlıqdan məhrum edilməsini hakimdən istəyib.

Hakim Süleyman Ələkbərov barəsində CM-nin 234.4.3-cü (külli miqdarda narkotikə vasitələrin psixotrop maddələrin alqı satqısı və istehsalı) maddəsi ilə ittiham aktına baxıb. O, məhkəmə dövrləri dövlət ittihamçısının təqdim etdiyi sübutlar və müdafiə tərəfinin qaldırdığı əsasları araşdırdığını bildirərək, Süleyman Ələkbərovun işinin 234.4.3-cü maddəyə uyğun dəlil sübutların olmaması səbəbindən maddəni 234.1-1-ə (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma) tövsif edərək, onu 3 il müddətinə azadlıqdan məhrum edib.

Süleyman Ələkbərov 2023-cü il oktyabrın 28-də Bakıda yaşadığı evinin yaxınlığından naməlum şəxslər tərəfindən saxlanılmışdı. Oktyabırın 30-da isə onun məhkəmə önünə çıxarılması və barəsində narkotik ittihamı ilə cinayət işinin açılması bəlli olmuşdu.

O, hal hazırda 78 üzvünün həbs həyatı yaşadığı Müsəlman Birliyi Hərəkatının (MBH) üzvüdür. Saxlanılan hərəkat üzvülərindən 61 nəfəri artıq həbs həyatı yaşayır, digər 17 nəfəri isə istintaq və məhkəmə dövrünü sürərək, şübhəli şəxs qismində narkotiklərlə bağlı ittiham olunurlar.