İki şahid dindirib, ikisi də polis əməkdaşı olub, bu isə işin hərtərəfli araşdırılması və ədalətli qərar verilməsi üçün kifayət etmir

Yanvarın 6-da Bakı Ağır Cinayətlər Məhkəməsində Müsəlman Birliyi Hərəkatının daha bir üzvü Mahir Əzimovun məhkəməsi davam edib. Məhkəmə iclasına hakim Cavid Hüseynov sədrlik edir.

Hakim bildirib ki, şahid dindirmələri başa çatıb və sənədlərin tədqiqinə keçmək olar. Mahir Əzimovun vəkili Zibeydə Sadıqova onun barəsindəki həbs-qətimkan tədbirinin ev dustaqlığına dəyişdirilməsiylə bağlı vəsatət verib. Məhkəmə vəsatəti təmin etməyib. Vəkil bildirib ki, məhkəmə cəmi iki şahid dindirib, ikisi də polis əməkdaşı olub, bu isə işin hərtərəfli araşdırılması və ədalətli qərar verilməsi üçün kifayət etmir. “Burda şahidlər vətəndaşı tutub, ittiham verənlər olub”, deyən vəkil əlavə şahid olaraq polis təhqiqatçısının dindirilməsini istəyib. Prokuror buna ehtiyac görməyib, hakim də vəsatəti təmin etməyib. Mahir Əzimov ötən ilin iyulunda Suraxanı rayon Polis İdarəsinin 33-cü polis bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 234.4.3 (Satış məqsədilə külli miqdarda narkotik vasitə əldə etmə) maddəsiylə ittiham irəli sürülüb.  Bu iş üzrə 4 məhkəmə iclası keçirilib. İki şahid dindirilib, hər ikisi Mahir Əzimovun saxlanılmasında iştirak etmiş polis əməkdaşları olub.

Mahir Əzimov məhkəmə ifadəsində göstərib ki, narkotiklə şərlənib. Həbsinin əsl səıbəbi isə sosial şəbəkələrdə şəhid ailələrinin incidilməsiylə bağlı yazdığı postlar olub: “Məni tutub polis şöbəsinə aparanda sosial şəbəkələrdə yazdıqlarımla bağlı sorğulayıblar. Narkotik adı çəkilməyib, bu barədə mənə bircə sual da verilməyib. Ancaq həbsimi sənədləşdirəndə mənə məlum oldu ki, guya satmaq üçün naməlum mənbədən narkotik əldə etmişəm”.

Mahir Əzimov məhkəmə ifadəsində onu da deyib ki, hələ polis bölməsində saxlanılarkən tanımadığı şəxsi ona vəkil kimi təqdim ediblər. Həmin şəxs ona lahmacun və pepsi gətirib: “Pepsini içəndən sonra özümü pis hiss etməyə başladım, məndə yuxu pozğunluğu yarandı. Polislər mənə psixoloji təzyiqlər göstərdi, nəticədə qarşıma qoyduqları kağızları imzalamağa məcbur oldum. Ancaq məndən soruşan olmadı ki, narkotiki hardan, kimdən, necə əldə etmisən. Çünki qondarma ittiham idi, şər idi”, - bunları da Mahir Əzimov bir müddət əvvəl məhkəmədə ifadə verərkən demişdi. Mahir Əzimov saxlanılarkən barəsində həbslə əlaqəsi olmayan qətimkan tədbiri seçilsə də, cəmi 4 gün azadlıqda qalıb. Bakı Apellyasiya Məhkəməsi qərarı dəyişib və barəsində həbs-qətimkan tədbiri seçib.

Növbəti məhkəmə iclası yanvarın 27-nə təyin edilib. Həmin gün məhkəmə sənədləri tədqiq edəcək. Bu ittihama görə təqsirləndirilən şəxsi 5 ildən 12 ilədək həbs cəzası gözləyir.

 

Toplum TV