İdxal -ixrac statistikası açıqlanıb

2019-cu ilin yanvarında Azərbaycanın hüquqi və fiziki şəxsləri dünyanın 129 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçiriblər.
 
69 ölkəyə məhsul ixrac olunub, 126 ölkədən idxal edilib.
 
Dövlət Statistika Komitəsinin məlumatında belə deyilir. 
 
Hesabat dövründə ölkənin xarici ticarət dövriyyəsi 2504.9 milyon ABŞ dolları təşkil edib. İxracın dəyəri 1482.2 milyon, idxalın dəyəri isə 1022.7 milyon dollar olub: «Nəticədə 459.5 milyon dollarlıq müsbət ticarət saldosu yaranıb. 2018-ci ilin yanvar ayı ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 12.3 faiz, o cümlədən idxal 48.3 faiz artmış, ixrac isə 3.8 faiz azalmışdır. Real ifadədə dövriyyə 5.9 faiz, o cümlədən idxal 17.7 faiz, ixrac 0.7 faiz artmışdır».
 
Məlumatda bildirilir ki, ixracda 34.7 faiz olmaqla liderlik İtaliyaya məxsusdur. İdxalda isə birinciliyi Rusiya saxlayır.
 
Bu ilin yanvar ayında ötən ilin eyni ayı ilə müqayisədə mühüm məhsul növlərindən təzə meyvə ixracı 25.4 faiz, təzə tərəvəz – 1.8 dəfə, pambıq lifi 2 dəfə artıb.
 
İdxalda isə artım, əsasən, şəkərə (2.7 dəfə), quş əti, onun əlavə məhsullarına (2.2 dəfə), mal ətinə (19.2 faiz) və minik avtomobillərinə (2.5 dəfə) məxsusdur.